main-post-cover

    Boston Dynamics şirkəti Stretch adlı yükdaşıyan robotu təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    29.03.2021
    Emil Nəcəfov
        Boston Dynamics şirkəti Stretch adlı yeni robotunu təqdim edib. Sözügedən robot yeşiklərin daşınması və anbarlardakı proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, Stretch robotu 1 saat ərzində 800 ədəd yeşik daşıya bilir. Bununla belə bir dəfə şarj olunandan sonra robot 8 saat çalışa bilir. Stretch təkərlərə sahib kvadrat formalı təməl konstruksiyanı özündə birləşdirir. Bundan əlavə olaraq robot ətraf mühitin analiz edilməsi üçün nəzərdə tutulmuş çoxlu sayda kamera və ötürücülərə sahibdir.
        Robotun əsas hissəsini əl formasında olan böyük ölçülü konstruksiya təşkil edir. Həmin əlin sonunda isə osminoqun qollarındakı dairəvi çıxıntıları xatırladan xüsusi qurğular yerləşdirilib. Həmin qurğular sayəsində robot 23 kq ağırlığa qədər olan yeşikləri tuta və onları daşıya bilir. Şirkətin verdiyi məlumata əsasən bir neçə saatlıq təlimatdan sonra sözügedən robotun baza idarəetməsini öyrənmək mümkündür. Adətən avtomatlaşdırılma üçün nəzərdə tutulmuş təchizat anbarın yalnız müəyyən hissəsində quraşdırılır və bütün iş prosesi onun ətrafında qurulur.
        Lakin Stretch robotu kvadrat formalı təməl konstruksiyada olan təkərlər sayəsində məhsulların yüklənməsi və ya boşaldılması üçün anbarın istənilən hissəsinə hərəkət edə bilər. Bu robot avtomatlaşdırma sistemininin inteqrasiyası üçün nəzərdə tutulmuş infrastruktura sahib olmayan anbarlarda həmin sistemi işə salmağa yardımçı ola bilər. Məlumata əsasən dünyada olan anbarların 80%-i avtomatlaşdırma sistemi üçün nəzərdə tutulmuş təchizata sahib deyil. Bu isə öz növbəsində şirkətə robot satışını reallaşdırmaq üçün geniş bazar təqdim edir. Buna baxmayaraq Boston Dynamics yeni Stretch robotunun qiymətini açıqlamayıb. Hal hazırda şirkət robotun ilkin test mərhələlərini reallaşdırmaq üçün uyğun müştərilərin axtarışındadır. Robotun kommersiya məqsədli istehsalı isə 2022-ci ilə planlaşdırılıb. 
    Linki kopyala