main-post-cover

    Cənubi Koreya kosmik sahədə lider ölkələrdən biri olmağa hədəflənib

    Elm & Texnologiya
    29.05.2024
    Emil Nəcəfov
         Cənubi Koreyanın elektronika istehsalçısı Samsung-dan tutmuş yaddaş sistemləri istehsalçısı SK Hynix-ə kimi olan şirkətləri onilliklər ərzində ABŞ, Yaponiya və s. ölkələrdəki rəqib şirkətlərdən geridə qalırdılar. Lakin müəyyən müddətdən sonra onlar öz rəqib şirkətlərini bir çox hallarda geridə qoymağa başladılar. Cənubi Koreya hökuməti eyni strategiyanı kosmik sahədə də reallaşdırmağı hədəfləyib. Ölkənin elm və texnologiyalar naziri Lee Jong Ho kimi yeni məmurlar dalğası Cənubi Koreyanın elektronika məhsulları səyanesindəki nailiyyəti kosmik sahədə də təkrar edə biləcəyinə inanır. Bu həftənin əvvəlində Cənubi Koreyada yeni kosmik agentlik fəaliyyətə başladı və ona Lee Jong Ho şəxsən rəhbərlik edir.
         Onun əsas missiyası Cənubi Koreyanı kosmik sahənin lider ölkələri siyahısına daxil etməkdir. Dövlət 2027-ci ilə kimi illik kosmik büdcəni 1.1 milyard dollara kimi yüksəltməyi planlaşdırır. Cənubi Koreya prezidenti Yoon Suk Yeol-un administrasiyası ölkənin yeni kosmik raket proqramına 1.4 milyard dollar, yeni naviqasiya peyklərinə isə 2.72 milyard dollar vəsait sərf etməyi planlaşdırır. 2021-ci ildə Cənubi Koreya Nuri adlı ilk yerli istehsal raketini kosmosa göndərdi. 1 ildən sonra isə ölkə öz fərdi peykini istifadəyə verdi. Bütün bunlara baxmayaraq Cənubi Koreyanın kosmik proqramı Yaponiya və Çin kosmik proqramlarından geridə qalır.
         Bu mövzuda hətta Şimali Koreya da bəzi uğurlara imza atıb. Belə ki, Şimali Koreya yeni raket mühərrikləri və texnologiyaların hazırlanması istiqamətində öz ballistik raketlər proqramını dayaq nöqtəsi kimi istifadə edir. Cənubi Koreya öz yeni kosmik proqramı çərçivəsində özəl şirkətlər üçün start meydançasının inşasını nəzərdə tutub. Bundan əlavə olaraq özəl şirkətlər üçün 74 milyon dollarlıq fond da yaradılacaq. Ölkənin yeni kosmik proqramının növbəti mərhələsi ABŞ-ın NASA agentliyinə bənzəyən Koreya Aerokosmik İdarəetməsinin (KASA) açılışı olub. KASA 2032-ci ildə Aya astronavtlarsız eniş missiyasını reallaşdırmağı planlaşdırır.
         Növbəti onilliyin ortasında isə KASA artıq Mars üçün nəzərdə tutulmuş missiyalara nəzər yetirəcək. Kosmik agentliyin işə salınması ilə Cənubi Koreya hökuməti son 50 ildə reallaşdırmış sənaye siyasətini davam etdirmək niyyətindədir. Samsung və LG kimi şirkətlər dövlət dəstəyini əldə etməklə aparıcı texnologiyalara yiyələnə bildilər və nəticədə dünya bazarında rəqabət apara biləcək şirkətlərə çevrildilər. SpaceX gələn il Korea Aerospace Industries şirkətinin iki peykini Yer kürəsinin orbitinə çatdıracaq. Nuri raket layihəsi üzərində çalışan Hanwha Aerospace şirkəti isə Aya eniş modulunu çatdıracaq yeni raketin hazırlanması ilə məşğul olacaq. Ölkənin ən böyük silah sistemləri istehsalçısı olan LIG Nex1 şirkəti öz növbəsində Korean Positioning System adlı naviqasiya şəbəkəsinin hazırlanması mövzusunda dövlətin partnyorlarından birinə çevrilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər