Logo
    main-post-cover

    Çindəki yarasalarda iki təhlükəli virus aşkar edilib

    Elm & Texnologiya
    25.06.2025
    Emil
         Çində alimlər yarasalarda insanlara keçə biləcək yeni infeksiyalar aşkar ediblər. Bu viruslar beyində ağır iltihab və tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər. Tədqiqatçılar yarasalar arasında ölümcül Nipah Hendra virusları ilə yaxın əlaqəli iki yeni virus aşkarlayıblar. Hər iki virus insanlar üçün ölümcül hesab olunur. Alimlər artıq bu virusların yerli əhaliyə keçmə ehtimalının yüksək olduğunu düşünürlər. Hazırda bu iki virusa qarşı heç bir dərman və ya vaksin mövcud deyil. Araşdırma çərçivəsində Yunnan əyalətinin Endemik Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti İnstitutunun komandası 4 il ərzində toplanmış 10 növ 142 yarasanın böyrəklərini tədqiq edib. Ümumilikdə 22 virus aşkar edilib, onlardan 20-si elmə əvvəldən məlum olmayıb.
         Bu viruslardan ən təhlükəli sayılan ikisi - Nipah və Hendra virusları ilə sıx əlaqəli olan yeni henipaviruslardır. Onlar Yunnan kəndlərinin yaxınlığında bağların ətrafında yaşayan Rousettus leschenaultia adlı yarasalarda aşkarlanıb. Məlumdur ki, henipaviruslar sidik vasitəsilə keçə bilər, buna görə də alimlər yoluxmuş meyvələrdən ehtiyat edirlər. “Yunnan əyalətində kənd bağları və mağaraların yaxınlığında toplanan yarasaların böyrəklərini təhlil edərkən biz yalnız yarasaların daşıdıqları müxtəlif mikroorqanizmləri deyil, həm də Çində aşkarlanmış Hendra və Nipah virusları ilə sıx əlaqəli olan yeni yarasa-mənşəli henipavirusların ilk tam genomlarını aşkar etdik” - deyə tədqiqatın müəllifləri bildirirlər. Alimlərin sözlərinə görə, bu araşdırmanın nəticələri bu yeni virusların insanlara və ya ev heyvanlarına keçə bilmə ehtimalı ilə bağlı ciddi narahatlıq doğurur.
         Məsələ ondadır ki, yarasalar immun sistemlərinin xüsusiyyətlərinə görə çox geniş çeşidli mikroorqanizmlər üçün təbii rezervuar hesab olunurlar. Bəziləri hesab edir ki, qlobal pandemiyaya səbəb olmuş koronavirus da insana yarasalardan keçib. Digərləri isə pandemiyanın Uhanda yerləşən laboratoriyadan sızan virus nəticəsində başladığını iddia edirlər. Daha əvvəl heyvanlar Ebola Yaxın Şərq tənəffüs sindromu (MERS) kimi xəstəliklərin yayılması ilə əlaqələndirilmişdi. Tədqiqatçılar əlavə edirlər ki, yarasaların daşıdığı viruslar insana ya birbaşa təmas zamanı, ya da yarasaların tüpürcəyi, nəcisi və ya sidiyi ilə çirklənmiş su və qida vasitəsilə keçə bilər. Bundan əlavə, müəlliflər xəbərdarlıq edirlər ki, Nipah virusu ölümcül patogendir və insanlarda ağır xəstəliklərə - o cümlədən kəskin tənəffüs çatışmazlığı və ensefalitə - səbəb olur. Bu virusun ölüm göstəricisi 35-75% arasında dəyişir.
    Paylaş