Logo
    main-post-cover

    COVID-19 pandemiyası zamanı insanlarda beynin qocalma prosesi daha sürətli olub

         Alimlər qeyri-adi bir araşdırma apararaq COVID-19 pandemiyası dövründən əvvəl və pandemiya zamanı insanların beyinlərinin struktur xüsusiyyətlərini müqayisə ediblər. Məlum olub ki, beynin qocalma prosesi bir neçə ay sürətlənib və bu mənfi dəyişikliklər insanın virusa yoluxub-yoluxmamasından asılı olmayıb. Müəlliflərin fikrincə, bu sürətlənmiş qocalma pandemiya dövründəki stress, həyat tərzi və yaşam şəraiti ilə bağlı ola bilər. İlk mərhələdə ABŞ-dan olan alimlər 15 000-dən çox insanın beyin görüntülərini analiz edərək süni intellekti yüzlərlə beyin struktur xüsusiyyətinə əsasən öyrədiblər. Nəticədə müxtəlif yaş qruplarında insanların beyinlərinin necə göründüyünü müəyyən edə biliblər.
         İkinci mərhələdə isə bu məlumatlar pandemiyadan əvvəl və pandemiya zamanı, ən azı 2 il fasilə ilə beyinləri skan edilmiş təxminən 1000 nəfərin görüntülərinə tətbiq olunub. Nature jurnalının yazdığına görə, pandemiya dövründə beyin orta hesabla 5.5 ay daha sürətlə qocalıb və bu, insanın koronavirusa yoluxub-yoluxmamasından asılı olmayıb. Ən çox dəyişikliklər yaşlı insanlarda, xüsusilə kişilərdə, habelə sosial cəhətdən zəif qruplarda - işsiz və aşağı gəlirli insanlarda müşahidə olunub. Tədqiqatçıların fikrincə, əldə edilən nəticələr stressin beyin sağlamlığına mənfi təsir göstərdiyini ehtimal etməyə imkan verir.
         “Beyin sağlamlığı yalnız xəstəliklərdən deyil, gündəlik həyat mühitindən də formalaşır” - deyə araşdırmanın həmmüəllifi Ali-Reza Mohammadi-Nejad bildirib. Qeyd olunub ki, koqnitiv funksiyaların azalması yalnız virusa yoluxmuş insanlarda qeydə alınıb. Elmi işdə bildirilir ki, bəzi dəyişikliklər simptomlara səbəb olmaya bilər, digərləri isə özünü göstərmək üçün bir neçə il tələb edə bilər. Alimlər indi pandemiya dövründə insanların izolyasiya vəziyyəti, iştirakçıların psixi sağlamlığı və digər amillərlə bağlı daha çox məlumatı analizə daxil etməyi planlaşdırırlar. Məqsəd - beynin qocalma mexanizmlərini və bu proseslərə müxtəlif amillərin təsirini daha dərindən anlamaqdır. Bundan əlavə, dəyişikliklərin potensial geri çevrilə bilmə ehtimalı və sağlamlığa uzunmüddətli təsirləri də öyrənilməlidir.
    Paylaş