Logo
    main-post-cover

    Ekstremal isti hava qıcolmalara, koma və ölüm risklərini artırır

    Elm & Texnologiya
    15.07.2025
    Emil
         Yeni bir araşdırmada alimlər temperaturun yüksəlməsi ilə qıcolmalara, komaya və ölümə səbəb ola biləcək bir vəziyyət arasında əlaqə aşkar ediblər. Güman olunur ki, orta yer səthi temperaturu artdıqca bu risklər də artacaq. Alimlər illərdir Yer üzünü təhdid edən iqlim böhranı və onun nəticələri barədə xəbərdarlıq edirlər. Dünya artıq misli görünməmiş istilik dalğaları və quraqlıqlarla üzləşib, planetin buz örtükləri isə sürətlə əriməkdə davam edir. Lakin görünür, bizim hələ yeni-yeni öyrənməyə başladığımız başqa gizli təhlükələr də var. Məsələn, məlumdur ki, insan bədəninin dözə biləcəyi maksimal bir temperatur həddi var. İindi isə alimlər hava temperaturunun yüksəlməsi ilə qıcolma, koma və ölümə səbəb ola bilən başqa bir təhlükəli vəziyyət arasında əlaqə tapıblar. Hiponatremiya insan qanında natrium səviyyəsinin həddindən artıq aşağı düşdüyü bir vəziyyətdir.
         Müalicə olunmadığı halda, hiponatremiya beyin ödemi, qıcolmalar, koma, əzələ toxumasının parçalanması və hətta ölümə səbəb ola bilər. Müşahidələr göstərir ki, mart-may ayları arasında Hindistanın bir neçə bölgəsində temperatur 35 dərəcə Selsidən yuxarı qalxıb və tibbi heyət daimi şüur bulanıqlığı, zəiflik və qıcolma şikayətləri ilə xəstəxanalara müraciət edənlərin sayının artdığını bildirib. Qıcolmalara, komaya və ölümə səbəb ola biləcək bu təhlükəli vəziyyətin iqlim istiləşməsi fonunda kəskin şəkildə artacağı ehtimal olunur. Hindistanda hiponatremiyanın yayılması ölkə miqyasında izlənilməsə də, bəzi kiçik tədqiqatlar bu xəstəliyin isti aylarda daha çox yayıldığını göstərir. Lakin bu problem təkcə Hindistanla məhdudlaşmır. Dünyanın müxtəlif yerlərində aparılmış tədqiqatlar göstərib ki, temperaturun yüksəlməsi ilə hiponatremiya hallarının sayı kəskin şəkildə artır.
         Xüsusilə bu əlaqə yaşlı insanlar arasında daha aydın şəkildə özünü göstərir. Alimlər narahatdırlar ki, iqlim pisləşdikcə və ekstremal istilik dalğaları daha tez-tez baş verdikcə, hiponatremiya hallarının sayı da artacaq. 2024-cü ildə aparılmış bir təhlil 6 qitədə təxminən 20 ölkəni əhatə edib və göstərib ki, yüksək temperatur istisnasız olaraq natrium səviyyəsinin aşağı düşməsi ilə əlaqəlidir. Bu araşdırmanın nəticələri Yer kürəsi isinməyə davam etdikcə bu hallarının artacağını göstərir. Başqa bir tədqiqat isə göstərib ki, 2000-2023-cü illər arasında istilik indeksi adi göstəriciləri keçdikcə, hiponatremiya hallarının sayı kəskin şəkildə artıb.
         Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2025-2029-cu illər arasında ən azı 1 ildə qlobal temperaturun sənaye öncəsi orta göstəricidən 1.5 dərəcə Selsidən çox artması ehtimalı 86%-dir. Məlum olduğu kimi, bu hədd Yer kürəsində dağıdıcı və geri dönməz iqlim dəyişikliklərinin başlama nöqtəsini müəyyən edir. Bunun nəticəsində dünya daha da ekstremal istilik dalğaları ilə üzləşəcək. Tədqiqatçıların fikrincə, yüksək temperaturların hiponatremiyanın inkişafı üçün şərait yaratmasının bir neçə səbəbi var. Əsas etibarilə hiponatremiya qanda natrium konsentrasiyasının 135 milliekvivalent/litrdən (mq-ekv/l) aşağı düşdüyü vəziyyətdir.
         Bu, orqanizmdə natrium və su səviyyələri arasında yaranan disbalansdan qaynaqlanır. İsti havalarda insanlar bədənlərini soyutmaq üçün tərləyirlər. Nəticədə su və natrium kimi elektrolitlərin itkisi baş verir. Əgər qandakı natrium səviyyəsi həddindən artıq aşağı düşərsə, orqanizm bu disbalansı aradan qaldırmaq üçün adətən sidik vasitəsilə artıq suyu xaric etməyə çalışır. Lakin əgər qanda dövran edən ümumi maye həcmi də azdırsa, orqanizm susuz qalmaq riski ilə üzləşir və bu səbəbdən suyu bədəndə saxlamaq üçün hormonlar ifraz edir. Bu suyun tutulması isə natrium disbalansını daha da ağırlaşdıra bilər. Berlin şəhərində yerləşən Şarite Tibb Universitetinin professoru doktor Kai Kappert-in sözlərinə görə, risk altında olan insanlar bunlardır:
    - Sidikqovucu preparatlar qəbul edənlər;
    - Natrium miqdarı az olan mayelər (məsələn, sadə su) qəbul edənlər;
    - Sağlamlığı zəifləmiş yaşlı şəxslər;
    - Antidepressantlar, antipsixotiklər və qıcolma əleyhinə dərmanlar qəbul edənlər.
         Tədqiqatçılar ekstremal istilik dövrlərində su balansını qorumağı və orqanizmi qorumaq üçün elektrolit balansını da unutmadan bərpa etməyi tövsiyə edirlər.
    Paylaş