
Ekzoplanetlərdən birinin atmosferində su kəşf edilib
Elm & Texnologiya
08.05.2025
Emil
James Webb kosmik teleskopunun köməyi ilə alimlər bizdən 244 işıq ili uzaqlığında yerləşən sub-Neptun sinfinə aid bir planet üzərində ətraflı tədqiqat aparıblar. Söhbət, TOI-421 b adlı planetdən gedir. Nəticədə TOI-421 b planetinin atmosferində su aşkar edilib. Sub-Neptun planetləri ilk dəfə təxminən 15 il əvvəl kəşf olunub, lakin bu tip planetlər haqqında hələ də çox az məlumat mövcuddur. Bu planetlərin atmosfer tərkibini onların ulduzundan gələn işığın atmosferdən keçməsi vasitəsilə öyrənmək mümkündür və bu işdə ən güclü vasitə Webb kosmik teleskopudur. Astronomlar ehtimal edirdilər ki, sub-Neptun planetləri karbon qazı, metan və ya su buxarından ibarət ola bilər, lakin bu molekulların ətraflı siqnallarının olmamasını sıx buludların bu siqnalları gizlətməsi ilə izah edirdilər.

Digər tərəfdən, bu planetlər fərqli tərkibə də malik ola bilər və məlum olub ki, TOI-421 b planetinin tərkibi həqiqətən də digərlərindən fərqlənir. Astronomlar temperaturunun təxminən 727 dərəcə Selsi olduğu hesab edilən TOI-421 b planetinin atmosfer tərkibi barədə geniş məlumat əldə edə biliblər. Məlum olub ki, bu ekzotik dünyanın atmosferində su buxarı, həmçinin karbonmonoksid (yəni, zəhərli qaz) və kükürd dioksidinin izləri mövcuddur. Eyni zamanda, astronomlar nə metan, nə də karbon qazının izlərini aşkar edə bilməyiblər. Alimlər həmçinin atmosferdə çoxlu miqdarda hidrogen olduğunu müəyyən ediblər.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr sub-Neptun sinfinə aid planetlərin yaranması və təkamülü barədə mövcud nəzəriyyələrə meydan oxuyur. Belə ki, bu planetin atmosfer tərkibi əvvəlcədən gözləniləndən fərqli olub. Bu isə o deməkdir ki, TOI-421 b planetinin formalaşması və inkişafı, aşağı temperaturlu digər sub-Neptunlardan fərqli olub. Astronomları xüsusilə təəccübləndirən məqam atmosferdə çoxlu miqdarda hidrogenin olması olub, çünki planetin atmosferinin tərkibi onun mənsub olduğu ulduzun tərkibinə çox bənzəyir. Sadəcə olaraq, planetdə temperatur daha aşağıdır, amma qazların növləri eynidir. Bu yeni tədqiqat sub-Neptunların təkamülü barədə astronomların anlayışını yaxşılaşdırır və Günəş sistemində niyə bu cür planetlərin olmadığını anlamağa bir addım daha yaxınlaşdırır.
Mənbə: Space.com
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
