
Əldə olunmuş Mars torpaq nümunəsində qədim mikrobların həyat izləri mövcud ola bilər
Elm & Texnologiya
11.09.2025
Emil
NASA hesab edir ki, Perseverance aparatı tərəfindən 2024-cü ilin iyulunda toplanmış Mars süxur nümunələrindən biri qədim mikrobların həyat izlərini daşıya bilər. Sapphire Canyon adlı nümunədə, Jezero kraterində yerləşən Cheyava Falls qayasından götürülmüş materialda “bəbir ləkələrini” xatırladan xarakterik izlər aşkar edilib: halqavari və tünd nöqtələrdə vivianit (dəmir-fosfat) və qreigit (dəmir-sulfid) kimi minerallar müəyyən olunub. NASA-nın icraçı rəhbəri vəzifəsini icra edən Sean Duffy qeyd edib ki, 1 illik məlumat təhlilindən sonra alimlər belə nəticəyə gəliblər: “Biz başqa izah tapa bilmirik. Bu, Marsda indiyə qədər tapdığımız həyatın ən açıq sübutu ola bilər və bu, inanılmaz dərəcədə həyəcanvericidir”. Sapphire Canyon adını almış nümunə Perseverance aparatı tərəfindən Jezero kraterindəki qurumuş çay yatağının qayalı çıxıntılarından toplanıb.

Alimlərin fikrincə, bu ərazi 3 milyard ildən çox əvvəl tamamilə su ilə örtülmüşdü. Perseverance 2021-ci ilin fevralında kraterə eniş edərək, suyun təsiri altında yaranmış və ya formasını dəyişmiş süxur nümunələrini araşdırmaq üçün bu ərazini tədqiq etməyə başlayıb. Ötən ilin iyulunda aparat Sapphire Canyon nümunəsini qayada dərinlik qazaraq toplayıb. Nümunə hələ də Marsda qalsa da, alimlərin xüsusi marağına səbəb olub, çünki onlar hesab edirlər ki, məhz bu nümunə planetdə həyatın heç vaxt mövcud olub-olmadığını müəyyən etməyə kömək edə bilər. Nümunənin daha ətraflı öyrənilməsi alimlərə xarakterik görünüşünə görə “bəbir ləkələri” adlandırılan izləri aşkar etməyə imkan verib. Bu cür izləri süxurda mövcud olan karbon, kükürd və fosforu enerji mənbəyi kimi istifadə edən mikroskopik canlı orqanizmlər buraxa bilərdilər.

Bu ləkələrin necə əmələ gəldiyini - canlı orqanizmlərlə əlaqəsi olmayan geokimyəvi proseslərin nəticəsidirmi, yoxsa mikroorqanizmlərin mövcudluğu nəticəsidirmi - anlamaq, süxurun biosiqnaturların izlərini daşıyıb-daşımadığını müəyyənləşdirmək üçün mühüm addımdır. “Bu gün biz sizə həqiqətən insanlığın ən dərin suallarından birinə - doğrudanmı biz kainatda təkik? - cavab tapmağa bir addım daha yaxınlaşdığımızı göstəririk” - deyə NASA-nın Elmi Missiyalar İdarəsinin administrator müavini Nicky Fox bildirib. Tədqiqatçılar süxurların formalaşmasının 2 mümkün ssenarisini nəzərdən keçirirlər: onların tərkibində mikroskopik həyatın mövcudluğu ilə və onsuz. Tamamilə mümkündür ki, bəzi formalaşmalar üzvi maddə ilə dəmir arasında baş verən reaksiyalar nəticəsində, yalnız geokimyəvi proseslər vasitəsilə yaranmışdır. Bu, adətən yalnız nisbətən yüksək temperaturlarda baş verir, lakin keçmişdə planetdə belə temperaturların olub-olmadığı hələ ki, məlum deyil.

“Aparat vasitəsilə bu süxurları öyrənmək üçün mövcud olan bütün üsullar bizə onların heç vaxt o dərəcədə qızmadığını göstərməyə imkan verir ki, üzərlərində bəbir ləkələri yaransın. Əgər bu belədirsə, onda biz ciddi şəkildə nəzərə almalıyıq ki, onlar 3 milyard ildən çox əvvəl Mars göllərinin palçığında yaşamış bakteriyalara bənzər varlıqlar tərəfindən formalaşdırılmış ola bilər” - deyə tədqiqat müəlliflərindən biri hesab edir. Alimlər həmçinin istisna etmirlər ki, bu cür ləkələrin yaranmasına səbəb ola biləcək qeyri-bioloji proseslər də mövcuddur. Hazırda onlar nümunənin geoloji kontekstini təhlil mərhələsindədirlər. Özlərinin bu yaxınlarda dərc etmiş olduqları məqalədə isə artıq görülmüş işlər barədə ətraflı məlumat veriblər. Hərçənd söhbət birbaşa həyatın sübutundan deyil, daha çox potensial biosiqnaturadan gedir, bu, aparatın 2021-ci ildə enişindən bəri ən inandırıcı tapıntıdır. Bioloji mənşəni qəti şəkildə təsdiqləmək üçün nümunənin Yerə gətirilərək laboratoriya analizindən keçirilməsi vacibdir. Lakin büdcə və logistika problemlərinə görə onun geri qaytarılması missiyası gecikir və ehtimal ki, nümunə 2040-cı illərə qədər Yerə gətirilməyəcək.
Paylaş