Erkən kainatda superkütləli qara dəliklərin necə formalaşdıqlarına dair yeni fərziyyə irəli sürülüb
Elm & Texnologiya
25.11.2024
Emil Nəcəfov
Aktiv fəaliyyətdə olan James Webb kosmik teleskopunun erkən kainatda superkütləli qara dəliklər kəşf etməsi artıq yeni xəbər deyil. Lakin bu cür nəhəng ölçülü qara dəliklərin erkən kainatda mövcud olmaları faktı çox böyük maraq doğurmaqda davam edir. Belə ki, kainatın təkamül modelinə əsasən Böyük partlayışdan cəmi bir neçə yüz milyon il sonra superkütləli qara dəliklər mövcud olmamalıdırlar. İndi isə alimlər bu nəhəng kosmik obyektlərin erkən kainatda necə sürətlə böyüdüklərinə dair yeni fərziyyəni irəli sürüblər. Bütün qalaktikaların nüvəsində superkütləli qara dəlik mövcuddur. Bu cür qara dəliklər o dərəcədə nəhəngdirlər ki, onların kütlələri Günəşin kütləsindən 100 000 dəfə və hətta milyard dəfə daha böyükdür.
Alimlər erkən kainatda superkütləli qara dəlikləri kəşf edən zaman böyük təəccüb içərisində idilər. Yəni bu qara dəliklər ilk ulduz və qalaktikaların formalaşdıqları zaman artıq mövcud idilər. Bu faktor vacib sualın cavabının tapılmasında problemlər yaradır. Məsələ burasındadır ki, qara dəliklər yalnız böyük kütləyə sahib ulduzların məhv olmaları nəticəsində formalaşırlar. Yəni ulduzlar formalaşmalı, müəyyən müddət ərzində mövcud olmalı və öz ölümlərindən sonra qara dəliyin formalaşmasına səbəb olmalıdırlar. Superkütləli olmaq üçün qara dəlik başqa qara dəlik ilə birləşməli və daha sonra daimi şəkildə ətrafındakı materiyanı udmalıdır. Mövcud nəzəriyyəyə əsasən bunun üçün milyardlarla il lazımdır.
Lakin erkən kainatda kəşf edilmiş superkütləli qara dəliklər olduqca qısa zaman ərzində formalaşa biliblər. Aparılmış yeni tədqiqatın müəllifləri hesab edirlər ki, bu qara dəliklər əslində Böyük partlayışdan sonrakı ilk anlarda çox kiçik obyektlər kimi formalaşıblar və daha sonra sürətlə böyüyüblər. Bu fikir mərhum fizik Stephen Hawking-in fərziyyəsinə əsaslanır. Onun fərziyyəsinə əsasən Böyük partlayışdan sonrakı saniyələrdə çoxlu sayda kiçik ölçülü ilkin qara dəlik formalaşmış ola bilər. Onlar ulduzların məhv olmaları nəticəsində formalaşmayıblar. Çünki kainatın həmin zaman aralığında ulduzlar hələ mövcud deyildilər. Fərziyyəyə əsasən həmin zaman aralığında ilkin qara dəliklər ilkin plazma xaosunda qravitasiya vasitəsilə çox yüksək sıxlığa qədər sıxılmış materiyadan formalaşıblar.
Hawking hesab edirdi ki, asteroid ölçüsündə ola biləcək bu kiçik qara dəliklər günümüzdə müşahidə edilən Hawking şüalanması səbəbilə tez zamanda yoxa çıxırlar. Onilliklər ərzində aparılmış araşdırmalar və axtarışlar nəticəsində alimlər hələ də ilkin qara dəlikləri aşkar edə bilməyiblər. Hətta onlar mövcud olsalar da kainatdakı bütün materiyanın olduqca kiçik hissəsini təşkil edirlər. Mütəxəssislər hesab edirlər ki, ilkin qara dəliklərin hətta kiçik bir hissəsi belə 100 milyon il ərzində nəhəng ölçülərə qədər böyümüş ola bilər. Bu, həmin qara dəliklərin, materiyanın olduqca sıx şəkildə qruplaşdığı sahələrdə olmaları səbəbilə baş vermiş ola bilər. Nəticədə onlar kosmosun ilk zamanlarından materiyanı özlərinə çəkərək nəticədə superkütləli qara dəliklərə çevrilmiş ola bilərlər.
Alimlər hesab edirlər ki, Süd Yolu qalaktikasının mərkəzində olan superkütləli qara dəlik də daxil olmaqla bütün superkütləli qara dəliklər ulduzların məhv olmaları və daha sonra digər qara dəliklər ilə birləşmə nəticəsində formalaşmayıblar. Ola bilsin ki, onlar formalaşma prosesində olmuş ilk ulduz və qalaktikalar ilə paralel mövcud olublar. Bununla belə nəhəng ölçülü qara dəliklər öz kütlələrinin böyük hissəsini ilk ulduzların kainatı işıqlandırmalarından daha öncə yığıblar. Yəni alimlər hesab edirlər ki, ilk ulduzlar formalaşan zaman ətrafda artıq nəhəng ölçülü qara dəliklər mövcud idilər. Alimlərin irəli sürmüş olduqları yeni fikir sadəcə olaraq bir fərziyyədir və onlar bu fərziyyəni ilk ulduz və qalaktikaların təkamül modellərinə əlavə etmək istəyirlər. Bunun sayəsində onlar bu fikrin nə dərəcədə doğru olduğunu öyrənə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Əgər daha əvvəl Ay tutulmasına şahid olmusunuzsa, Ayın ətrafında yaranan haləni görmüsünüz. Buna bənzər bir struktur Günəşin və qara dəliklərin ətrafında da mövcuddur. Alimlər qara dəliklərin ətrafında yerləşən haləni görüntüləyə biliblər.
Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!
Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!
Astronomlar erkən kainatın ən sürətlə qidalanan qara dəliyini müəyyən ediblər. LID-568 adlandırılan və 7.2 milyon Günəş kütləsinə sahib olan bu qara dəlik, Eddington həddinin 40 qatı bir sürətlə maddə ilə qidalanır.
Erkən kainatda superkütləli qara dəliklərin sayı düşünüldüyündən daha çox imiş
Erkən kainatda superkütləli qara dəliklərin sayı düşünüldüyündən daha çox imiş
Alimlərin aparmış olduqları yeni tədqiqat kainatın erkən zamanlarında çoxlu sayda superkütləli qara dəliklərin formalaşmasına dair sual doğuran mövzuya aydınlıq gətirir.
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəlikdən gələn qorxulu səsi eşidilə bilən hala gətirib.
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki superkütləli qara dəlik olan Sgr A*-nın 9 milyard il əvvəl qalaktikaların birləşməsindən əmələ gəldiyi aşkar edilib.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib