Logo
    main-post-cover

    Google Wallet istifadəçilərinə hava limanlarında yeni rahatlıq

        Şirkət Google Wallet istifadəçiləri üçün ABŞ hava limanlarında təhlükəsizlik yoxlamalarını daha sürətli keçməyə imkan verən TSA PreCheck Touchless ID proqramını genişləndirəcəyini açıqlayıb. Yeniləmə sayəsində sərnişinlər artıq hər aviaşirkət üçün pasport məlumatlarını ayrıca daxil etməli olmayacaqlar.
    TSA Enhances PreCheck Touchless ID With Google Wallet Partnership |  TravelPulse
        Hazırda Touchless ID proqramından istifadə etmək istəyən şəxslər dəstəklənən hər aviaşirkətin tətbiqində pasport məlumatlarını ayrıca qeyd etməlidirlər. Proqram isə məhdud sayda aviaşirkət və ABŞ-dəki 65 hava limanında fəaliyyət göstərir.
        Google-ın yaxın həftələrdə istifadəyə verəcəyi yeniləmə ilə bu proses xeyli sadələşəcək. İstifadəçilər yalnız bir dəfə Google Wallet vasitəsilə qeydiyyatdan keçəcək və sistem təxminən 100 aviaşirkəti dəstəkləyəcək. Google bildirir ki, bu proqram üçün TSA-nın ilk rəqəmsal cüzdan tərəfdaşı məhz Google Wallet olub. Xidmətdən istifadə etmək üçün əvvəlcə Google Wallet-də rəqəmsal şəxsiyyət vəsiqəsi (ID Pass) yaradılmalıdır. Daha sonra uçuş üçün qeydiyyatdan keçərək minik talonunu (boarding pass) Wallet-ə əlavə etmək lazımdır. Uyğun istifadəçilər minik talonunda görünən "Get Started" düyməsi vasitəsilə TSA sistemində razılıq verərək şəxsiyyət və uçuş məlumatlarını paylaşa biləcəklər.
        Təsdiqdən sonra minik talonunda PreCheck Touchless ID işarəsi görünəcək və sərnişin təhlükəsizlik yoxlamasından fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən, xüsusi sürətli keçid zolağından istifadə edə biləcək. Google məxfilik məsələsinə də xüsusi diqqət ayırdığını vurğulayır. Şirkətin sözlərinə görə, məlumatlar yalnız istifadəçinin razılığı və telefonun biometrik identifikasiya, PIN və ya qrafik açar vasitəsilə təsdiqlənməsindən sonra TSA ilə paylaşılır. Rəqəmsal şəxsiyyət məlumatları isə şifrələnmiş formada cihazın özündə saxlanılır.
        Yeni sistem xüsusilə müxtəlif aviaşirkətlərlə tez-tez səyahət edən istifadəçilər üçün təhlükəsizlik prosedurlarını daha rahat və sürətli etməyi hədəfləyir.
    Paylaş