
Günəş sistemində yaşam üçün əlverişli daha bir dünya ortaya çıxa bilər
Elm & Texnologiya
29.05.2025
Emil
Günəş qırmızı nəhəngə çevrildikdə, ölçüləri böyüyəcək və Merkuri ilə Veneranı məhv edəcək, Yer isə yaşamaq üçün yararsız hala gələcək. Eyni zamanda, Günəşin həyat üçün əlverişli zonası daha uzaq məsafəyə keçəcək və bu zonaya Yupiter və onun peykləri daxil olacaqlar. Alimlərin fikrincə, bu, Yupiterin peyki olan Avropanın yaşanılan bir dünyaya çevrilməsinə səbəb ola bilər. Hazırda Avropa buzla örtülü bir dünyadır və səthinin altında maye sudan ibarət okeanın olduğu ehtimal edilir. Alimlər hesab edirlər ki, Günəş qırmızı nəhəng olduqdan sonra Avropa üzərində su buxarından ibarət bir atmosfer formalaşa bilər və bu da həyatın yaranması və inkişafına şərait yarada bilər. Bu, Günəşin həyat üçün əlverişli zonasının - yəni həyatın mövcudluğu üçün uyğun şəraitin olduğu kosmik sahənin - indiki vəziyyətə nisbətən daha uzaqda yerləşməsi ilə əlaqədardır.
Yupiterin peyki Avropa:

Günəş kimi ulduzlar təxminən 10 milyard il mövcud ola bilir. Bu müddət ərzində onların nüvəsində hidrogenin termonüvə sintezi baş verir. Hidrogen tükəndikdə (Günəşdə bu təxminən 5 milyard il sonra baş verəcək), ulduz genişlənir və qırmızı nəhəng fazasına keçir. Hesab olunur ki, Günəş bu mərhələdə Merkuri və Veneranı məhv edəcək, Yer isə sağ qala bilər, lakin həyat üçün yararsız hala düşəcək. Qırmızı nəhəng mərhələsindən sonra Günəş kiçik, ağ cırtdan ulduza çevriləcək və bu vəziyyətdə daha 12-15 milyard il mövcud ola biləcək. Daha iri və kütləvi ulduzlar isə supernova partlayışı nəticəsində məhv olur və onların yerində neytron ulduzları və ya qara dəliklər yaranır. Əgər ağ cırtdan ulduzların yaxınlığında planetlər mövcud ola bilərsə, supernova partlayışı ulduzun ətrafındakı hər şeyi məhv edir. Hazırda məlumdur ki, Günəş sistemindən kənarda aşkar edilmiş bir çox planetlər ağ cırtdan ulduzların ətrafında fırlanırlar.

Bu isə o deməkdir ki, Günəş öldükdən sonra Marsdan kənarda yerləşən planetlər (bəlkə də elə Marsın özü də) mövcudluğunu davam etdirə bilər. Yeni modelləşdirməyə əsasən, Yupiter və onun peykləri Günəşin qırmızı nəhəngə çevrilməsindən sonra da sağ qalacaq və ulduzumuzun həyat üçün əlverişli zonasına daxil olacaqlar. Alimlərin fikrincə, Günəşin genişlənməsi Yupiter kimi planetlərdə işığı daha yaxşı əks etdirən buludların yaranmasına səbəb ola bilər. Daha parlaq hala gələn Yupiterin və genişlənən Günəş atmosferinin təsiri altında Avropanın buzları sublimasiyaya uğrayacaq. Bu, buzun maye mərhələsinə keçmədən, birbaşa günəş işığında buxarlanmasına bənzəyir. Sublimasiya olunan buz buxarının böyük hissəsi kosmosa itəcək, lakin bir qismi Avropada 100 minlərlə il ərzində qalacaq, bundan sonra isə tamamilə itəcək. Hazırda Avropada həyatın olub-olmamasından asılı olmayaraq, bu zaman ərzində onun yaşanılan bir dünyaya çevrilməsi tamamilə mümkündür. Lakin əsas sual budur: Bu müddət həyatın yaranması və inkişaf etməsi üçün kifayət edəcəkmi?
Mənbə: Universe Today
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
