Logo
    main-post-cover

    Günəş sistemindəki üçüncü ulduzlararası obyektin yaşı təyin edilib

    Elm & Texnologiya
    14.07.2025
    Emil
         Oksford universitetindən bir alim həmkarları ilə birlikdə statistik analiz metodu əsasında göstərib ki, Günəş sistemində aşkar edilmiş üçüncü ulduzlararası obyekt - 3I/ATLAS kometası - böyük ehtimalla indiyədək müşahidə etdiyimiz ən qədim kometadır. Onun yaşı 7 milyard ilə qədər ola bilər. O, tamamilə fərqli bir qalaktik mühitdən gəlib, yəni Günəş sisteminin yarandığı və yerləşdiyi mühitdən kənar bir bölgədən. 3I/ATLAS obyekti 1 iyul tarixində  ATLAS teleskopu tərəfindən qeydə alınıb. Onun hərəkət sürəti və trayektoriyası - yastı hiperbola - obyektin Günəş sistemindən kənardan gəldiyini göstərib. Bununla da astronomik müşahidələr tarixində üçüncü ulduzlararası obyektin kəşfi baş verib. Obyekti bir neçə gün izlədikdən sonra onun kometa olduğu aydınlaşıb və buna uyğun olaraq 3I/ATLAS indeksi verilib. Obyektin nüvəsinin ətrafında buxarlanan qazlardan ibarət halo müşahidə olunub.
         Günəşə yaxınlaşdıqca kometa öz parlaq quyruğunu da formalaşdıracaq. Oksford Universitetinin astronomu Matthew Hopkins və bir qrup alim 3I/ATLAS kometasının yaşının təxminən 7 milyard il ola biləcəyinə dair sübutlar təqdim ediblər. Kometa kəşf olunmamışdan bir qədər əvvəl, Hopkins doktorluq dissertasiyasını müdafiə etmişdi və orada bu kimi obyektlərin dinamikasını izah edən yeni bir model təqdim etmişdi. Bu modelə "Otautahi-Oksford modeli" adı verilib. O, dərhal öz nəzəriyyəsini real vaxtda sınamaq imkanı əldə edib və bu fürsətdən böyük həvəs və maraqla yararlanıb. Hopkins-in bəyanatında deyilir: “Bütün ənənəvi kometalar, məsələn, Halley kometası, Günəş sistemi ilə eyni vaxtda yaranıb, yəni onların yaşı təxminən 4.5 milyard ildir. Lakin ulduzlararası kometalar çox daha qədim ola bilərlər. Bizim statistika əsaslı metodumuz göstərir ki, 3I/ATLAS çox böyük ehtimalla indiyə qədər gördüyümüz ən qədim kometadır”.
         Alimlər təxminən 70% ehtimalla bildirirlər ki, 3I/ATLAS kometasının yaşı 7 milyard ildir. Obyektin trayektoriyasının öyrənilməsi onun qalaktikamızın əsasən qoca ulduzlardan ibarət “qalın disk” adlandırılan bölgəsindən gəldiyini göstərir. Günəş isə nazik diskdə yerləşir, bu da ulduzlararası qonağın tamamilə fərqli bir ulduz mühitindən gəldiyini ifadə edir. Nazik disk sanki qalın diskin daxilindədir, lakin hər iki diskdəki ulduzların kimyəvi tərkibi fərqlidir. “O, qalaktikamızın indiyə kimi yaxından görmədiyimiz bir hissəsindən gələn obyektdir” - deyə Oksford Universitetinin astrofiziki Chris Lintott bildirib.
         “Biz ehtimal edirik ki, bu kometa Günəş sistemindən daha qədimdir və həmin vaxtdan bəri ulduzlararası məkanda səyahət edir”. Qalaktikamızın qalın disk adlanan hissəsindən gələn kometanın fərqləndirici xüsusiyyətlərindən biri, nüvəsində su buzu miqdarının yüksək olması ola bilər. Günəşə doğru hərəkət etdikcə, kometa Günəş şüalarının təsiri ilə suyun buxarlanması nəticəsində quyruğunu formalaşdırmağa başlayacaq. Dünyanın müxtəlif yerlərindəki alimlər bu kometanın Günəşə doğru və daha sonra sistemdən uzaqlaşaraq davam edən səyahətini müşahidə edəcəklər. Kometa quyruğundakı qazın kimyəvi tərkibinə dair dəqiq məlumatlar, onun mənşəyi ilə bağlı fərziyyələrin təsdiqlənməsi üçün vacib məlumatları verəcək.
    Paylaş