Logo
    main-post-cover

    Günəş sisteminin hüdudlarında gizli obyekt aşkar edilib

         Müasir astronomiyaya görə, Günəş sistemində Neptunun o tayındakı məkan boş hesab olunur. Lakin məhz orada alimlər kütləvi bir transneptun obyekti - 2017 OF201-i aşkar ediblər. Onun qeyri-adi dərəcədə uzun orbitə və böyük ölçülərə malik olması onu cırtdan planetlər kateqoriyasına daxil etməyə imkan verir, qeyri-adi trayektoriyası isə onu digər uzaq cisimlərdən fərqləndirir və hətta mübahisəli Doqquzuncu planet fərziyyəsini şübhə altına qoya bilər. 2017 OF201 transneptun obyektini Günəş sisteminin kənarında beynəlxalq alimlər qrupu kəşf edib. Bu göy cisminin ölçüləri onun cırtdan planet kimi təsnif olunmasına imkan verir. Eyni kateqoriyaya Pluton da daxildir. 2017 OF201 obyekti Günəş sistemində müşahidə edilə bilən ən uzaq cisimlərdən biridir. Onun kəşfi göstərir ki, Neptunun orbitindən kənardakı kosmik məkan əvvəl düşündüyümüz qədər də boş deyil.
         Bundan əlavə, yeni transneptun obyekti (TNO) iki səbəbə görə unikal hesab olunur: ekstremal orbitinə və böyük ölçüsünə görə. Elmi komandanın rəhbəri Cheng Xihao belə izah edir: “Obyektin afelisi - orbitin Günəşdən ən uzaq nöqtəsi - Yer orbitinin afelisindən 1600 dəfədən çox uzaqdır. Eyni zamanda onun periheli - orbitin Günəşə ən yaxın nöqtəsi - Yer orbitindən 44.5 dəfə uzaqdır ki, bu da Plutonun orbitinə uyğun gəlir”. Belə bir orbit, hansı ki TNO-nun tam dövrü təxminən 25 000 il çəkir, mürəkkəb qravitasiya qarşılıqlı təsirləri tarixini nəzərdə tutur. Çox güman ki, o, vaxtilə nəhəng bir planetlə toqquşub və geniş orbitə atılıb. Ola bilsin ki, onun miqrasiyası bir neçə mərhələdən ibarət olub.
         Əvvəlcə Oort buluduna - Günəş sisteminin ən uzaq bölgəsinə, çoxsaylı kometaların yerləşdikləri məkana düşmüş, sonra isə geri qayıtmış ola bilər. Bundan əlavə, 2017 OF201 obyektinin orbitinin xarakteri və ölçüləri transneptun obyektlərinin qruplaşması barədə təsəvvürlərə və Doqquzuncu planetin mövcudluğu fərziyyəsinə ziddir. Cheng və onun həmkarları 2017 OF201-in diametrini 700 km olaraq qiymətləndirirlər ki, bu da onu belə geniş orbitə sahib ikinci ən böyük məlum obyektə çevirir. Müqayisə üçün, Plutonun diametri 2377 km-dir. Cheng-in sözlərinə görə: “Bu tək obyektin mövcudluğu oxşar orbit və ölçüyə malik daha 10-ə yaxın başqa obyektin də ola biləcəyini göstərir. Sadəcə onlar hazırda aşkar edilə bilmək üçün çox uzaqdadırlar. Baxmayaraq ki, teleskop sahəsində əldə edilən nailiyyətlər bizə kainatın ən uzaq guşələrini öyrənməyə imkan verib, hələ də Günəş sistemimiz haqqında öyrənməli çox şeyimiz var”.
    Paylaş