Logo
    main-post-cover

    Həyat üçün potensial olan Kepler-725c adlı yeni planet kəşf edilib

         Astronomlar Günəş sistemindən kənarda planetlərin aşkarlanması üçün yeni bir metoddan istifadə edərək Super Yer sinfinə aid yeni bir planet kəşf ediblər. Bu planet Günəşə bənzər bir ulduz ətrafında fırlanır və həyat üçün potensial olaraq yararlı ola bilər. Astronomlar ilk dəfə 1995-ci ildə Günəşə bənzər bir ulduzun ətrafında fırlanan planet aşkar ediblər. Artıq 30 ildir ki, alimlər Yerə maksimum dərəcədə bənzəyən, yəni "Yer 2.0" adlandırılan planeti axtarırlar. Belə bir planet ulduzunun yaşayış zonasında yerləşməli və Yerə mümkün qədər oxşar şəraitə malik olmalıdır. Bu cür planetin üzərində potensial olaraq yadplanetli həyat növü mövcud ola bilər. Yeni tədqiqatın müəllifləri yazırlar ki, onların aşkarladıqları bu yeni Super Yer planeti həyat üçün yararlı ola bilər. Adətən astronomlar Günəş sistemindən kənardakı planetləri tranzit metodu radial sürət metodu ilə aşkar edirlər.
         Bu planetlər sərt səthli dünyalardır və Super Yer sinfinə aid edilirlər. Birinci metod, planet ulduzun fonundan keçərkən onun işığının nə qədər bloklandığını ölçməyə əsaslanır. İkinci metod isə planetin cazibə qüvvəsinin təsiri ilə ulduzun hərəkətində yaranan kiçik dalğalanmaları ölçür. Lakin bu iki metod Yerə maksimum bənzər planetlərin axtarışında ciddi məhdudiyyətlərə malikdir. Buna görə də alimlər Yerə oxşar planetləri aşkar etmək üçün yeni bir metoddan istifadə ediblər. Bu metod “keçid vaxtının dəyişməsi metodu” adlanır. Bu üsul, böyük planetlərin cazibə qüvvəsinin təsiri altında digər planetlərin orbital hərəkətlərindəki dəyişiklikləri müşahidə etməklə planetlərin aşkar edilməsinə əsaslanır. Məhz bu metodla Günəşə bənzər bir ulduz ətrafında fırlanan və Yerdən 10 dəfə böyük kütləyə malik Kepler-725c adlı planet aşkar olunub. Ən vacib məqam isə budur ki, bu yeni planet öz ulduzunun yaşayış zonasındadır.
         Bu isə həmin dünyanı həyat üçün potensial olaraq yararlı edir. Yaşayış zonası ulduzun ətrafında yerləşən və planetlərdə həyatın yaranması üçün zəruri olan şəraitin mümkün olduğu nəzəri kosmik sahədir. Astronomlar müəyyən ediblər ki, Kepler-725c öz ulduzundan 0.674 astronomik vahid məsafədə yerləşir və onun ətrafında tam dövrəni 270 Yer günündə tamamlayır. Bu yeni Super Yer, Günəşdən gələn radiasiyadan Yerə nisbətən təxminən 1.4 dəfə çox ulduz radiasiyası alır. Buna baxmayaraq, bu planetdə həyatın yaranması və davam etməsi üçün uyğun şəraitin mövcud ola biləcəyi ehtimal olunur. Xatırladaq ki, Yer Günəşdən 1 astronomik vahid (150 milyon km) məsafədə yerləşir və ulduz ətrafında tam dövrəni 365 günə tamamlayır. Alimlər bildirirlər ki, aşağı kütləyə malik və ulduzlarının yaşayış zonasındakı planetlərin aşkar olunması üçün yeni metod öz effektivliyini sübut edib. Bu isə o deməkdir ki, Yerə maksimum bənzər olan planet yaxın gələcəkdə kəşf oluna bilər. Heç olmasa, bu cür ssenarinin reallaşması üçün yüksək ehtimal mövcuddur.
    Paylaş