
İlk dəfə 13 milyard yaşı olan kosmik işıq müşahidə edilib
Elm & Texnologiya
12.06.2025
Emil
Astronomlar ilk dəfə yerüstü teleskop vasitəsilə kainat tarixinin ən qədim dövrünə aid mikrodalğalı işığı müşahidə ediblər. Bu dövr “kosmik sübh” adlanır və 13 milyard ildən çox əvvəl başlayıb. Həmin vaxt ilk ulduzların işığı kainatı birdəfəlik dəyişdirmişdi. Kosmik sübhə aid işıq millimetr uzunluğunda dalğa boyuna malikdir və son dərəcə zəifdir. Bəzi kosmik teleskoplar bu işığı əvvəllər görə bilsə də, yerüstü teleskoplarla bunu müşahidə etmək mümkün olmamışdı. Çünki Yer atmosferindəki elektromaqnit şüalanması bu işığı zəiflədir və qarşısını alır. Alimlərin sözlərinə görə, kainatın bu ən qədim işığının Yerdən müşahidə olunmasının mümkünsüz olduğu hesab edilirdi. Lakin CLASS rəsədxanasının teleskopu, ilk ulduzların Böyük partlayışın fon işığı üzərində buraxdığı izləri görə bildi.

CLASS rəsədxanası Çilinin şimalında, And dağlarında 5138 metr yüksəklikdə yerləşir. Onun teleskopu kainatın ilk 1 milyard ili ərzində yaranmış mikrodalğalı işığı aşkar edə bilir. Böyük partlayışdan sonra ilk 380 000 il ərzində kainat sıx elektron buludu ilə dolu idi və işıq bu mühitdən keçə bilmirdi. Lakin zamanla kainat soyuyub genişləndi və elektronlar protonlarla birləşərək hidrogen atomlarını yaratdılar. Məhz hidrogen atomları mikrodalğalı işığın sərbəst şəkildə yayılmasına imkan verdi və bunun nəticəsində kosmos Böyük partlayışdan qalan işıq olan fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması) ilə doldu. Eyni zamanda, sıx hidrogen atomu buludları cazibə qüvvəsinin təsiri ilə sıxılmağa başladı və ilk ulduzlar yaranmağa başladı.
Kosmik mikrodalğa arxa plan şüalanması:

Bu ulduzların işığı qaz halında olan hidrogen buludlarını yenidən ionlaşdırdı, bu da elektronların ayrılmasına səbəb oldu və onların bəziləri fon radiasiyası ilə toqquşdu. Bu toqquşmalar nəticəsində fon radiasiyası polyarizasiya olundu. Fon radiasiyasının bu polyarizasiya olunmuş hissəsindən gələn siqnal kainatın necə inkişaf etdiyini daha yaxşı anlamağa imkan verir. Əvvəllər bu işığı kosmik teleskoplar müşahidə etsə də, onların məlumatlarında çoxlu fon küyü mövcud idi. İndi isə astronomlar kainatın ilk işığını daha dəqiq şəkildə öyrəniblər. Bu məlumatlar erkən kainatla bağlı bəzi sirrləri açmağa kömək edəcək. Məsələn, qaranlıq materiyanın təbiətini dəqiqləşdirmək və həmçinin neytrino adlanan, işıq hissəcikləri olan fotonlardan bir qədər az olan çətin aşkar edilən hissəciklər haqqında daha çox məlumat əldə etmək.
Mənbə: Live Science
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
