Logo
    main-post-cover

    İlk dəfə "heç nədən" superkütləli qara dəliyin yaranması müşahidə edilib

         Superkütləli qara dəliklər kainatın ən maraqlı sirlərindən biri hesab olunur. Kütləsi milyonlarla, bəzən isə 10 milyardlarla Günəş kütləsinə bərabər olan bu nəhəng obyektlər demək olar ki, hər bir qalaktikanın mərkəzində yerləşir. Elm bu cür obyektlərin təkamülünü izah etməkdə çətinlik çəkir və onların necə yarandığını yalnız ehtimal edir. Lakin yeni bir kəşf, görünür, superkütləli qara dəliklərin yaranmasının mümkün mexanizmlərindən birinə aydınlıq gətirir. Bu kəşf ABŞ-ın Yel Universitetindən olan alimlər tərəfindən James Webb kosmik teleskopu vasitəsilə həyata keçirilmiş ən böyük səma müşahidələrindən biri - COSMOS-Web layihəsi çərçivəsində edilib. James Webb teleskopunun məlumatlarında Yer kürəsindən 8.3 milyard işıq ili uzaqlıqda yerləşən iki toqquşan disk formalı qalaktika aşkar edilib. Təsadüf nəticəsində bu qalaktikalar birləşərək səkkiz rəqəmini və ya sonsuzluq işarəsini xatırladan bir forma əmələ gətiriblər.
         Məhz bu səbəbdən yaranmış obyektə Sonsuzluq qalaktikası (Infinity) adı verilib. Sonsuzluq () simvolunun hər halqasının mərkəzində parlaq bir ləkə görünür - bunlar hər bir qalaktikada yerləşən superkütləli qara dəliklərdir. Lakin qalaktikaların birləşmə nöqtəsində də parlaq bir ləkə müşahidə olunur. Bu bölgədə superkütləli qara dəlik olmamalıdır, amma görünür ki, orada belə bir obyekt mövcuddur. Alimlər Sonsuzluq qalaktikasını müxtəlif dalğa uzunluqları diapazonunda araşdıraraq belə qənaətə gəliblər ki, ehtimal ki, onlar uldurlararası qazın çökməkdə olan buludundan yaranan superkütləli qara dəliyin doğuluşunu müşahidə edirlər. Belə bir prosesin Böyük partlayışdan dərhal sonra baş vermiş olması ehtimal olunur - bu, superkütləli qara dəliklərin yaranması ilə bağlı nəzəriyyələrdən biridir. Böyük partlayışdan sonrakı ilk min illərdə molekulyar qaz buludları o qədər kütləvi və geniş olub ki, cazibə qüvvəsinin təsiri ilə çökərək superkütləli qara dəliklər əmələ gətirə bilərdi.
         Lakin biz Sonsuzluq qalaktikasını müşahidə etdiyimiz dövr üçün bu cür prosesin baş verməsi qeyri-mümkün görünür. Bu hadisəni xüsusi şəraitlər - qalaktikaların birləşməsi zamanı ulduzlararası qazda yayılmış zərbə dalğaları təşviq etmiş ola bilər. “Bu halda iki disk formalı qalaktika toqquşub və nəticədə ulduzlardan ibarət halqa quruluşları əmələ gəlib - biz də məhz bunları müşahidə edirik. Toqquşma zamanı bu qalaktikalardakı qaz zərbəyə və sıxılmaya məruz qalıb. Bu sıxılma o qədər güclü ola bilərdi ki, sıx bir düyün yaranıb və daha sonra bu düyün qara dəliyə çevrilib. Bu, qaz buludlarından superkütləli qara dəliklərin yaranması mexanizminə dair əldə edə biləcəyimiz qəti sübutdur” - deyə alimlər müşahidə etdiklərini izah edirlər. Sonsuzluq qalaktikasının gələcək müşahidələri orada baş verən proseslər haqqında daha çox məlumat toplamağa kömək edəcək. Əgər superkütləli qara dəliyin “heç nədən” yaranması faktı təsdiqlənsə, bu, belə obyektlərin kainatda yaranmasının mümkün mexanizmlərindən birinə sübut olacaq.
    Paylaş