
İnqilabi "Sosial kvant kompüteri" fərziyyəsi irəli sürülüb
Elm & Texnologiya
15.10.2025
Emil
Texnologiya nəhəngləri kriogen laboratoriyalarda zəif və həssas kvant maşınları yaratmaq üçün milyardlarla dollar investisiya yatırdıqları bir vaxtda, sosial kvant kompüteri konsepsiyası iddia edir ki, biz bu vəzifə üçün artıq ideal avadanlığa sahibik. Söhbət, bir-biri ilə əlaqəli insan beyinlərindən gedir. ABŞ-dan olan bir tədqiqatçının bu inqilabi ideyası ənənəvi hesablama yanaşmasının əsaslarını şübhə altına atır. Kvant hesablama bu gün həllolunmaz hesab edilən problemlərin - yeni dərmanların hazırlanmasından tutmuş maliyyə proqnozlaşdırılmasına qədər - həllini vəd edir. Lakin bu istiqamət çoxsaylı çətinliklərdən ibarətdir. Müasir kvant prosessorları son dərəcə həssas və kövrəkdir - onların işini ən kiçik titrəmə və ya temperatur dəyişikliyi belə poza bilər. Trevor Nestor (Oreqon Ştat Universiteti) isə silisium və superkeçiricilərə deyil, biologiyaya və sosiologiyaya müraciət etməyi təklif edir.

Sosial kvant kompüteri nəzəriyyəsi, insan beyninin təbiəti haqqında mübahisəli, lakin maraqlı bir fikirdən başlayır. Roger Penrose və Stuart Hameroff tərəfindən irəli sürülmüş “Orkestrləşdirilmiş obyektiv reduksiya” (Orch-OR) nəzəriyyəsindən ilhamlanan Nestor modeli belə fərz edir ki, insan beyni sadəcə klassik bir kompüter kimi deyil, əslində bioloji kvant prosessoru kimi fəaliyyət göstərir. Müəllifin fikrincə, bizim şüurumuzun özü, yəni görmə təsvirlərinin, səslərin və düşüncələrin vahid və məntiqi təcrübəyə çevrilməsi prosesi kvant prosesinin nəticəsidir. Bu konsepsiyaya görə, “hər bir sinxronlaşdırılmış şüurlu insan agenti topoloji cəhətdən sabitləşdirilmiş məntiqi kubit kimi fəaliyyət göstərir”. Başqa sözlə, insan beyni otaq temperaturunda işləyən sabit və özünü tənzimləyən kvant bitidir. Əgər bir beyin bir kubitdirsə, bəs bu kubitlərdən kompüteri necə yaratmaq olar?

Cavab insanlar arasında beyin dalğalarının sinxronlaşması kimi yaxşı öyrənilmiş nevroloji fenomendə gizlidir. İnsanlar qarşılıqlı əlaqədə olduqda, ünsiyyət qurduqda və ya təcrübə paylaşdıqda, onların beyin dalğaları sinxronlaşmağa başlayır. Bu hal həm musiqiçilər və onların dinləyiciləri arasında, həm də sinifdə tələbələrdə müşahidə edilib. Trevor Nestor-un fikrincə, bu sinxronlaşma sadəcə sosial qarşılıqlı təsirin maraqlı yan effekti deyil, bəlkə də bu, insan beyinlərini birləşdirən qeyri-klassik rabitə kanalıdır, yəni ayrı-ayrı kubitləri güclü bir şəbəkəyə birləşdirən mexanizmdir. Əgər bizim beynimiz ayrı-ayrı kvant prosessorlardırsa, o zaman beyinlərarası sinxronlaşma onları birləşdirən kvant interneti rolunu oynayır. Dostluq, ailə və peşəkar əlaqələrdən ibarət bu “sosial şəbəkə”, genişmiqyaslı sosial kvant kompüterinin arxitekturasını yaradır.

Sosial kvant kompüteri proqramlaşdırmaq üçün məqalədə “semiotik dil strategiyaları və metanarrativlər” adlandırılan üsuldan istifadə edilir. Başqa sözlə, onu dil, simvollar, hekayələr və ümumi məqsədlər vasitəsilə proqramlaşdırmaq mümkündür. Qeyri-müəyyən sual sosial şəbəkəni bir neçə mümkün cavabın superpozisiyasına sala bilər. Güclü bir narrativ isə kollektivi müəyyən bir istiqamətə yönəldə bilər - bu, kvant alqoritmi kimi işləyir. Yekun “ölçmə” və ya cavab isə o zaman yaranır ki, qrup kollektiv qərara və ya ortaq anlayış anına gəlir. Bu “spontan qrup konsensusu” anı bütün mümkün variantları birləşdirərək, məsələn, iqtisadi resursların ən optimal şəkildə bölüşdürülməsi kimi mürəkkəb problemlər üçün vahid, optimal həll yaradır. Sosial kvant kompüteri ideyası göstərir ki, kollektiv insan intellekti sadəcə fərdi qabiliyyətlərin cəmi deyil, tamamilə fərqli və daha güclü bir hesablama formasıdır. Əgər bu doğrudursa, o zaman “xalq müdrikliyi” həqiqi kvant fenomeni ola bilər.
Paylaş