
İnsanlar tərəfindən süni yaradılmış ən yüksək temperatur Günəşdən 300 000 dəfə isti olub
Elm & Texnologiya
20.06.2025
Emil
2012-ci ildə CERN-dən olan fiziklər Böyük Adron Kollayderində (BAK) aparılmış təcrübə zamanı indiyədək süni yolla yaradılmış ən yüksək temperaturu qeydə alıblar. Söhbət, 5 trilyon dərəcə Selsi temperaturdan gedir. Bu, Günəşin nüvəsinin təxminən 15 milyon dərəcə olan temperaturundan 300 000 dəfə çoxdur. Fiziklərin sözlərinə görə, kainatda mövcud olan ən isti ulduzların temperaturu 100 milyon dərəcə Selsiyə çatır. Lakin BAK-da aparılan təcrübələr zamanı trilyonlarla dərəcə temperatur əldə etmək mümkündür və indiyədək qırılmayan bu rekord 13 il əvvəl müəyyən edilib. Bu, süni şəkildə yaradılmış ən yüksək temperatur hesab olunur. Xatırladaq ki, BAK Yer üzündəki ən güclü hissəcik sürətləndiricisidir və İsveçrədə, yer səthindən 50-175 metr dərinlikdə yerləşir. Bu qurğu 27 kilometr uzunluğunda halqa formasında bir tuneldən ibarətdir və son dərəcə güclü, dərin soyudulmuş, yüksək keçiriciliyə malik elektromaqnitlərdən qurulub.

Onlar hissəcikləri işığın sürətinin 99.99%-nə qədər (işığın sürəti - 300 000 km/s) sürətləndirməyə qadirdirlər. BAK-ın əsas məqsədi alimlərə materiyanın ən kiçik komponentlərini araşdıraraq və Böyük partlayışdan sonrakı ilk anlarda mövcud olmuş şəraitləri yenidən yaradaraq təbiətin fundamental qanunlarını daha dərindən anlamaqda kömək etməkdir. Tunelin daxilində hissəciklər - əsasən protonlar və ya qurğuşun ionları - əks istiqamətlərdə demək olar ki, işıq sürətinə qədər sürətləndirilir və sonra onlar bir neçə nöqtədə bir-biri ilə toqquşurlar. Bu toqquşmalar zamanı yaranan enerji Yer üzərində əldə olunmuş hər hansı digər enerjidən yüksəkdir. Böyük partlayışdan sonrakı ilk saniyələrdə mövcud olmuş kvark-qlüon plazmasının xüsusiyyətlərini öyrənmək üçün keçirilmiş təcrübə zamanı 5 trilyon dərəcə Selsi temperatur qeydə alınıb.

Alimlərin fikrincə, bu, kainatın 13.8 milyard il əvvəl yaranmasının ilk saniyələrində ilkin materiyanın malik olduğu temperatur idi. Bu temperatur rekordu qurğuşun ionlarının toqquşması zamanı əldə edilib. Hissəciklərin toqquşması zamanı yaranan enerjinin dəqiq miqdarı bu hissəciklərin nə qədər kütləyə malik olmalarından asılıdır. Bu, fiziklərin təcrübə üçün qurğuşun ionlarını seçmələrinin əsas səbəblərindən biridir. Bu ionlar çox kütləlidir və hər biri özündə yüzlərlə proton və neytronu birləşdirir. Qurğuşun ionlarının toqquşması zamanı kiçik bir məkan daxilində o qədər çox enerji ayrılıb ki, CERN fiziklərinin sözlərinə görə, nəticədə son dərəcə yüksək temperaturda olan kvark və qlüonlardan ibarət bir kürə yaranıb.

Bu hissəciklər materiyanın fundamental tərkib hissələridir. Əslində, BAK-da təcrübə 2010-cu ildə keçirilib, lakin ən yüksək temperatur rekordu yalnız 2012-ci ilin avqustunda qeydə alınıb. Fiziklərə əldə edilən nəticələri analiz etmək və bu nailiyyəti təsdiqləmək üçün vaxt lazım olub. Maraqlıdır ki, 2012-ci ilin iyun ayında ABŞ-ın Brukheven Milli Laboratoriyasından olan fiziklər RHIC hissəcik sürətləndiricisində ionların toqquşması zamanı süni şəkildə yaradılmış yeni temperatur rekordu - 4 trilyon dərəcə Selsi - əldə etdiklərini açıqlamışdılar. Lakin bu rekord cəmi 2 ay davam edib.
Mənbə: Iflscience
Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
