Logo
    main-post-cover

    İsrail Yupiterin peyki Avropaya kosmik missiya hazırlayır

         İsrailin Israel Aerospace Industries şirkətindən və Veysman İnstitutundan olan alim və mühəndislər Yupiterin peyklərindən biri olan Avropada mümkün həyat formalarını axtarmağa yönəlmiş “Eureka” (Evrika) missiyasını tərtib etmək üçün birləşiblər. Layihəyə institut tərəfindən rəhbərlik edən professor Yohai Kaspi İsrailin kosmik proqramının büdcəsinin məhdud olduğunu etiraf edib. “Biz böyük kosmik agentliklərin miqyası və büdcələri ilə rəqabət apara bilmərik, lakin bir alətlə və çoxsaylı kompromislərlə həyata keçirilən fokuslanmış bir missiya - bu, kiçik bir ölkənin bacara biləcəyi işdir” - deyə Yohai Kaspi bildirib.
         İsrail komandasının strategiyası ESANASA tərəfindən həyata keçiriləcək “JUICE” və “Europa Clipper” missiyalarının toplayacağı məlumatlardan istifadə etməyə əsaslanır. Bu missiyalar 2030-cu illərin əvvəlində Avropaya çatmalıdır. Lakin həmin missiyalar həyat əlamətlərini axtarmağı əsas məqsəd olaraq müəyyən etməyib. Bu isə “Eureka” missiyasını unikal edən əsas xüsusiyyətdir. Baxmayaraq ki, layihə erkən mərhələdədir və maliyyə cəlb etməkdə, həmçinin beynəlxalq tərəfdaşlar tapmaqda çətinliklərlə üzləşir, tədqiqatçılar və mühəndislər arasında optimizm qorunub saxlanılır. Alimlər hesab edirlər ki, Avropanın buzla örtülü səthinin altında maye halda su mövcud ola bilər və bu da həyatın mövcudluğu ehtimalını xeyli artırır.
         Məhz bu fərziyyə missiyanın əsasını təşkil edir. Qeyd etmək lazımdır ki, İsrailin kosmik sahədə əməkdaşlıq təcrübəsi artıq mövcuddur. 2021-ci ilin iyun ayında İsrail və Birləşmiş Ərəb Əmirlikləri Ay səthinə eniş planlarını da əhatə edən kosmik tədqiqatlar üzrə əməkdaşlıq sazişi imzalayıblar. İsrailin özəl kosmik şirkəti SpaceIL-in baş direktoru Shimon Sarid - 2019-cu ilin aprelində “Beresheet 1” aparatını buraxmışdı (eniş uğursuz olsa da) - hesab edir ki, BƏƏ ilə birgə səylər çox maraqlı və uğurlu bir missiyanın həyata keçirilməsinə imkan verəcək. 2023-cü ilin fevralında isə SpaceIL Almaniya Aerokosmik Mərkəzi (DLR) ilə əməkdaşlıq sazişi imzalayıb və gələcək “Beresheet 2” ay missiyası üçün onların proqram təminatından istifadə edəcək.
    Paylaş