
Kainatın müşahidə olunan hissəsinin ən böyük xəritəsi təqdim olunub
Elm & Texnologiya
12.06.2025
Emil
İyunun 5-də Kaliforniya Texnologiya İnstitutu (Caltech) son onilliklərin ən genişmiqyaslı astronomik tədqiqatlarından birinin nəticələrini təqdim etdi. Belə ki, COSMOS-Web layihəsi çərçivəsində James Webb kosmik teleskopunun müşahidələrinə əsaslanan interaktiv xəritə dərc olunub. Bu xəritədə təxminən 800 min obyekt - əsasən qalaktikalar, eləcə də ulduzlar, kvazarlar və digər materiya formaları qeydiyyata alınıb. Bu, sadəcə bir verilənlər bazası deyil, həm də kainatın tarixini birbaşa brauzerdən əldə oluna bilən rəqəmsal struktura yerləşdirmək cəhdidir.

Tədqiq olunan səma sahəsi 0.54 kvadrat dərəcə təşkil edir. Ölçünü təsəvvür etmək üçün bu, sanki səma kürəsində üç tam Ayın yan-yana yerləşməsi kimidir. Baxmayaraq ki, bu ərazi nisbətən kiçik görünür, o, müşahidə olunan kainatın ən dərin qatlarını əhatə edir. NASA-nın qiymətləndirməsinə görə, seçilmiş bəzi qalaktikaların yaşı təxminən 13.5 milyard ildir. Yəni onlar Böyük partlayışdan cəmi 300 milyon il sonra formalaşıblar.
Bu isə o deməkdir ki, demək olar, bütün məlum kosmoloji tarix - ümumi xronologiyanın 98%-i - vizuallaşdırılıb. Əsas məlumatlar yaxın infraqırmızı diapazon kamerası (NIRCam) ilə toplanıb, bəzi sahələr isə orta infraqırmızı diapazon cihazı (MIRI) ilə çəkilmiş görüntülərlə tamamlanıb. Ümumi məlumat həcmi təxminən 1.5 TB (terabayt) təşkil edir. Müqayisə üçün qeyd edək ki, Gaia layihəsi çərçivəsində hazırlanan Süd Yolu xəritələrinin ümumi həcmi 500 TB-a çata bilər, lakin onlar qalaktikanın hüdudlarından kənardakı obyektləri əhatə etmir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
