Keçmiş Microsoft mühəndisi PDP-11 kompüterinə RAM kartı hazırlayıb
Elm & Texnologiya
31.10.2026
Keçmiş “Microsoft” mühəndisi Dave Plummer 1970-ci ildə buraxılan “PDP-11” kompüteri üçün yeni RAM kartı hazırlayıb. O, köhnə sistemə uyğun 1 MB yaddaşın həddindən artıq baha olduğunu görəndən sonra bu işə başlayıb. Mürəkkəb elektronika layihələrində az təcrübəsi olan Plummer “ChatGPT” və “EasyEDA” onlayn sxem hazırlama alətindən yararlanıb. “PDP-11”in sonrakı modelləri 4 MB-dək yaddaşı dəstəkləyirdi.
Plummer RAM modulunu ayrıca “Q-Bus” kartı formasında hazırlayıb. Daha sonra onu “M8190” prosessor kartı ilə eyni birləşdirici lövhədə sınaqdan keçirib. Yaddaşın işini “Lattice MachXO2 2000HC” adlı proqramlaşdırılan FPGA çipi idarə edir. Lövhədə “ISSI” markalı 4 ədəd 1 MB-lıq yaddaş çipi var. Buraya həmçinin U2S giriş-çıxış çipi, DIP açarları, rabitə portları və kondensatorlar daxildir.
Layihənin ilk sınağı uğursuz olub. Plummer əvvəllər FPGA çipi üçün proqram yazmadığından bir neçə problemlə üzləşib. Üstəlik, “M8190” kartının 22 bitlik məlumat xəttində yuxarıdakı 256 KB sahə giriş-çıxış portları və ROM üçün ayrılıb. “PDP-11” yaddaşdan ayrıca bayt yox, 2 baytdan ibarət bütöv söz oxuyur. Ünvanın ən aşağı biti də həmin sözdən hansı baytın seçiləcəyini müəyyənləşdirir.
İlk kontroller bu qaydanı nəzərə almadığı üçün yaddaş yalnız hər 2-ci sözü qaytarıb. Nəticədə 4 MB yaddaş faktiki olaraq 2 MB kimi işləyib. Sonrakı yeniləmə paylaşılmayıb, amma FPGA kodunu dəyişərək problemi aradan qaldırmaq olar. Proqram əsaslı həll kimi “Raspberry Pi” də irəli sürülüb. Plummer isə əvvəlki həftə “QBone” və “Beaglebone Black” ilə oxşar sistemi artıq sınaqdan keçirdiyini deyib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...