Logo
    main-post-cover

    Kosmosda iki obyekti birləşdirən "körpü" kəşf edilib

    Elm & Texnologiya
    23.04.2025
    Emil
         Astronomlar Persey qalaktika topası üzərində apardıqları tədqiqat zamanı uzun müddətdir həll olunmamış kosmik sirrlərdən birini aydınlaşdırmağı bacarıblar. Onlar kainatdakı ən böyük qalaktika toplusundan biri ilə toqquşmuş nəhəng, itkin bir obyekt aşkar ediblər. Persey qalaktika topası kainatdakı ən kütləvi strukturlardan biri hesab olunur. Bu topa cazibə qüvvəsi ilə bir-birinə bağlı minlərlə qalaktikadan ibarətdir və bizdən təxminən 240 milyon işıq ili uzaqlıqda yerləşir. Alimlər uzun müddətdir ki, bu cür qalaktika topalarının yüksək enerjili birləşmələr nəticəsində böyüdüyünü düşünürdülər. Bu birləşmələr Böyük partlayışdan bəri kainatda baş verən ən güclü hadisələrdən biri ola bilər. Kütləsi 600 trilyon Günəş kütləsi olaraq qiymətləndirilən Persey qalaktika topası uzun müddət sabit bir struktur kimi qəbul olunurdu və onun artıq birləşmə dövrünü keçdiyi düşünülürdü.
         Lakin astronomlarda Persey topasının məhz birləşmə nəticəsində böyüdüyünə dair aydın sübutlar çatışmırdı. İndi isə astronomlar Yerdə yerləşən Subaru teleskopunun köməyi ilə bu uzunmüddətli tapmacanı həll etməyə imkan verən itkin obyekti aşkar ediblər. Alimlər daha əvvəl Persey topasının başqa bir nəhəng obyektlə toqquşmasının izlərini tapmışdılar, lakin həmin obyektin özü yalnız indi müşahidə edilə bilib. Astronomların sözlərinə görə, onlar uzun müddət qalaktik toqquşmanın itkin olan elementini axtarıblar və indi Persey topasındakı bütün qəribə strukturları izah edə bilirlər. Bu itkin element, Persey topasının mərkəzi qalaktikasından 1.4 milyon işıq ili qərbdə yerləşən qaranlıq materiyadan ibarət nəhəng bir strukturdur.
         Bundan əlavə, topanın mərkəzi ilə bu itkin struktur qaranlıq materiyadan ibarət bir körpü ilə birləşir. Astronomlar bu körpünün kütləsini 200 trilyon Günəş kütləsi olaraq qiymətləndiriblər. Bu körpü keçmişdə baş vermiş birləşmənin mövcudluğuna dair sübut sayılır. Aparılan modelləşdirmə göstərib ki, qaranlıq materiyadan ibarət bu struktur təxminən 5 milyard il əvvəl Persey qalaktika topası ilə toqquşub və bu toqquşmanın qalıqları hələ də Persey topasının hazırkı strukturunun formalaşmasında rol oynayır. Qaranlıq materiya kainatdakı ən sirli substansiyalardan biridir. O, işıqla qarşılıqlı əlaqəyə girmədiyi üçün demək olar ki, görünməz olaraq qalır, lakin cazibə qüvvəsi ilə qarşılıqlı təsiri qalaktik strukturların formalaşmasına kömək edib.
         Persey qalaktika topasındakı itkin elementi astronomlar cazibə linzalanması (qravitasiya linzalanması) adlanan hadisə vasitəsilə aşkar edə biliblər - bu hadisə Albert Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsində proqnozlaşdırılmışdı. Ümumi nisbilik nəzəriyyəsinə görə, kütləyə malik obyektlər fəza-zaman parçasını əyirlər və cazibə qüvvəsi də məhz bu əyrilikdən yaranır. Əgər fon obyektindən gələn işıq şüası, məsələn, qalaktika topası kimi kütləvi bir obyektin yaratdığı əyilmiş fəza-zamandan keçirsə, onun trayektoriyası əyilir. Bu proses nəticəsində işıq güclənə bilər və fon obyekt daha parlaq görünə bilər.
         Bu effekti yaradan kütləvi obyekt “cazibə linzası” adlanır. Cazibə linzalanması eyni zamanda linzanın özünün - bu halda Persey qalaktika topasının - struktur detalları barədə də məlumat əldə etməyə imkan verir. Qaranlıq materiya kütləyə malik olduğuna görə o da fəza-zamanı əyir və işığın trayektoriyasını öz cazibə təsiri ilə dəyişir. Bu səbəbdən cazibə linzalanması qaranlıq materiyanın cazibə linzası daxilində necə paylandığını müəyyən etməyə də kömək edə bilər. Məhz bu üsulla astronomlar Persey topasının nüvəsi ilə qaranlıq materiyadan ibarət nəhəng struktur arasında bir körpünün olduğunu və həmin strukturu aşkar ediblər.
    Mənbə: Space.com
    Paylaş