
Mars mənşəli meteorit hərracda 5.3 milyon dollara satılıb
Elm & Texnologiya
17.07.2025
Emil
Yer üzərində tapılmış ən böyük Mars mənşəli meteorit - NWA 16788 - Sotheby’s hərrac evinin saytında verilən məlumata görə, hərracda 5.3 milyon dollara satılıb. Daha əvvəl meteorit İtaliyada yerləşirdi. Alıcının adı açıqlanmır. NWA 16788 meteoritinin çəkisi 24.67 kq-dır. Bu, qədim dövrlərdə Mars səthindən qopmuş bir qaya parçasıdır. Bu qopma, Qırmızı planetlə asteroidin toqquşması nəticəsində baş verib. Meteorit 2023-cü ilin noyabrında Niger ərazisində, Sahara səhrasında aşkarlanıb.
Hərrac lotuna aid olan təsvirə əsasən, “NWA 16788 meteoritin əriməsi nəticəsində yaranmış qırmızımtıl-qəhvəyi örtüklə əhatəlidir ki, bu da ona şübhəsiz marsvari bir görünüş verir. Səthində həmçinin meteoritin Yer atmosferindən sürətlə keçməsi zamanı sürtünmə nəticəsində yaranan batıqlar aydın görünür”. Yerə nisbətən yaxın zamanda düşdüyü üçün bu meteoritin fiziki və kimyəvi tərkibində dəyişikliklər olduqca azdır.

Mütəxəssislər meteoritin ekspertizasını təşkil ediblər və analiz nəticəsində onun tərkibinin, 1976-cı ildə ABŞ-ın Viking zondunun Mars səthində topladığı və öyrəndiyi nümunələrlə kimyəvi baxımdan oxşar olduğu müəyyən edilib. Mars mənşəli meteoritlər son dərəcə nadirdir, baxmayaraq ki, ara-sıra Yer üzərində rast gəlinir. NWA 16788 meteoritinin isə eyni mənşəyə malik daha əvvəl tapılmış obyektlə müqayisədə 70% daha böyük olduğu ortaya çıxıb. Rəsmi olaraq 77 000-dən çox meteorit qeydə alınıb, lakin onlardan yalnız 400-ü Mars mənşəlidir. Bu obyekt satışa 13 iyulda çıxarılıb. Əvvəllər o, İtaliyanın Arezzo şəhərində yerləşən şəxsi qalereyada saxlanılırdı. 2024-cü ildə isə İtaliyanın kosmik agentliyində sərgilənmişdi. Sotheby's əvvəlki və yeni sahiblərin adlarını açıqlamayıb.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
