
Marsda qədim mikrob həyatına dair inandırıcı sübutlar əldə edilib
Elm & Texnologiya
17.03.2025
Emil
Bir neçə gün bundan öncə NASA nümayəndələri Marsda qədim mikrob həyatının ən inandırıcı izlərinin aşkar edildiyi barədə hesabat təqdim ediblər. Mars səthində fəaliyyət göstərən Perseverance aparatının əldə etmiş olduğu nümunələri yerində ətraflı analiz etmək üçün avadanlığa malik deyil, buna görə də bu tapıntılar yalnız ilkin nəticələr hesab olunur. Ancaq ümidverici əlamətlərin çoxluğu elm adamlarını ilk dəfə Yer kürəsindən kənarda həyatın aşkarlanması ilə bağlı nikbin düşünməyə vadar edir. Xatırladaq ki, 2024-cü ilin iyul ayında Perseverance aparatı ox formasında bir qayada xüsusi struktura malik mineral çöküntüləri aşkar etmişdi. Bunlar tünd və yaşımtıl çalarlı kiçik ləkələrdən, eləcə də tünd konturlu açıq rəngli izlərdən ibarət idi.

Yer süxurlarında bu cür izlər qədim mikrob fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Tünd nöqtələrə "xaşxaş toxumları", açıq rəngli ləkələrə isə "leopard izləri" adı verilib. Problem ondadır ki, bu cür strukturlar yalnız bioloji proseslər nəticəsində deyil, həm də qeyri-üzvi kristallaşma səbəbindən yarana bilər. Məsələn, vulkanik aktivlik zamanı yüksək temperaturun təsiri ilə süxurlar kristallaşa bilər. NASA mütəxəssislərinin Texasda keçirilmiş Ay və Planetar Elmlər Konfransında təqdim etdikləri hesabatda bu məsələyə aydınlıq gətirilib. Tədqiqatçılar aşkar edilmiş mineral çöküntülərin böyük ehtimalla aşağı temperatur reaksiyalarının nəticəsi olduğunu bildiriblər.

Başqa sözlə, bu izlər Marsda qədim mikrob həyatının mövcudluğuna dair bir sübut ola bilər. Bunu 100 faiz dəqiqliklə sübut etmək yalnız Yer kürəsində müasir elmi avadanlıqlardan istifadə etməklə mümkündür. Bunun üçün Marsdan nümunələrin gətirilməsi vacibdir. Perseverance aparatının əsas missiyası məhz Qırmızı Planetin ən perspektiv süxur nümunələrini toplamaqdır. Təəssüf ki, bu nümunələrin Yerə qaytarılması missiyası həm böyük büdcə artımı, həm də müxtəlif texnoloji çətinliklərlə üzləşib. Əgər ABŞ Konqresi əlavə vəsait ayırsa, Marsdan gətirilən nümunələr 2030-cu illərin ortalarından sonlarına qədər Yerə çata bilər. Əks halda, Çinin uğurlu olması halında Mars nümunələri 2035-ci ildən əvvəl Yerə gətirilə bilər.
Mənbə: Space.com
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
