Logo
    main-post-cover

    Marsda səthaltı okeanın mövcudluğuna dair sübutlar əldə edilib

    Elm & Texnologiya
    17.03.2025
    Emil
         Alimlər 2018-2022-ci illərdə Marsda fəaliyyət göstərmiş NASA-nın InSight aparatının seysmik məlumatlarını yenidən təhlil ediblər. Nəticələr göstərib ki, Marsın səthindən 10-20 km dərinlikdə planetar ölçüdə bir okean əmələ gətirə biləcək böyük miqdarda maye su mövcuddur. Hazırda hesab edilir ki, Marsda maye su yoxdur, çünki o, milyardlarla il əvvəl yoxa çıxıb. Lakin yeni tədqiqat onun hələ də böyük miqdarda mövcud olduğunu göstərir, sadəcə olaraq planetin səthi altında dərinlikdə yerləşir.
    InSight aparatının seysmometri:
         Alimlər bu nəticəyə InSight aparatının seysmik aktivliyi ölçən SEIS cihazından əldə edilmiş məlumatların yeni təhlili zamanı gəliblər. Keçən il alimlər artıq Marsın 11-20 km dərinliyində maye suyun dağ süxurları arasındakı rezervuarlarda gizlənə biləcəyini ehtimal etmişdilər. Bu fərziyyə, Marsda baş verən zəlzələlər nəticəsində yaranan seysmik dalğaların hərəkət sürətinin təhlilinə əsaslanırdı. İndi isə alimlər əvvəlki nəticələri daha çox təsdiq edən sübutlara malik olduqlarını bildirirlər. Marsda ilk dəfə istifadə olunan seysmometr vasitəsilə InSight aparatı Qırmızı Planetdə baş verən zəlzələlər nəticəsində yaranan üç növ seysmik dalğanı ölçmüşdür:
    - P-dalğaları planetin daxilində irəli-geri hərəkət edir.
    - S-dalğaları yuxarı-aşağı istiqamətdə hərəkət edir.
    - Səthi dalğalar isə Marsın səthi boyunca yayılır.
         Alimlər diqqətlərini yeraltı seysmik dalğalara yönəldiblər. P-dalğaları sürətlə hərəkət etsə də, S-dalğalarının sürəti daha aşağıdır və onlar suyun içindən keçə bilmirlər, çünki maye belə titrəşmələri ötürməyə imkan vermir. Bu iki növ dalğanı ölçən seysmometrlər planetin daxili qatlarının sıxlığını və tərkibini müəyyən etməyə kömək edə bilər. Xüsusilə, bu məlumatlar Marsın dərinliklərində suyun olub-olmadığını və süxurların quruluşunu göstərməyə imkan verir.
         Alimlər sübutlar tapıblar ki, Marsın səthinin 10-20 km dərinliyində maye su ilə dolu rezervuarlar mövcud ola bilər. Bu su, süxurlar arasındakı çatları və boşluqları doldurur. Araşdırmanın nəticələrini yoxlamaq üçün alimlər dolerit adlanan maqmatik süxur növündən istifadə ediblər. Dolerit, Marsdakı oxşar süxurların ən yaxşı yerüstü analoqlarından biridir. Eksperiment göstərdi ki, dolerit rütubətli şəraitdə Marsda aşkar edilən seysmik siqnallarla eyni siqnalları yayır.
         Alimlər hesab edirlər ki, Marsın dərinliklərində o qədər çox maye su var ki, əgər bu su səthə çıxsa, qalınlığı 2 km-ə çatan bir okean əmələ gələr. Bu okean bütün Marsı örtə bilərdi. Araşdırmanın müəllifləri bildirirlər ki, əgər bu qədər böyük həcmdə su Marsın dərinliklərində mövcuddursa, orada mikrob həyatının hələ də mövcud olması ehtimalı istisna edilə bilməz. Təəssüf ki, müasir texnologiyalarla bu yeraltı suya və ya mümkün yadplanetli həyata çatmaq mümkün deyil. Bu səbəbdən alimlərin yeni kəşfini təsdiqləmək hələ ki mümkünsüzdür.
    Mənbə: Space.com
    Paylaş
    Bənzər xəbərlər
    marsda-qedim-mikrob-heyatina-dair-inandirici-subutlar-elde-edilib
    Elm & Texnologiya

    Marsda qədim mikrob həyatına dair inandırıcı sübutlar əldə edilib

    Bir neçə gün bundan öncə NASA nümayəndələri Marsda qədim mikrob həyatının ən inandırıcı izlərinin aşkar edildiyi barədə hesabat təqdim ediblər. Mars səthində fəaliyyət göstərən Perseverance aparatının əldə etmiş olduğu nümunələri yerində ətraflı analiz etmək üçün avadanlığa malik deyil, buna görə də bu tapıntılar yalnız ilkin nəticələr hesab olunur.
    elon-musk-gelen-il-tesla-optimus-robotunu-starship-ile-marsa-gondermeyi-soz-verib
    Elm & Texnologiya

    Elon Musk gələn il Tesla Optimus robotunu Starship ilə Marsa göndərməyi söz verib

    Nəhəng Starship raketi gələn ilin sonuna qədər Marsa yola düşəcək. Bunu SpaceX şirkətinin rəhbəri Elon Musk özünün X sosial şəbəkəsində elan edib.
    kainatin-qara-delik-daxilinde-yerlesdiyi-ferziyyesi-ireli-surulub
    Elm & Texnologiya

    Kainatın qara dəlik daxilində yerləşdiyi fərziyyəsi irəli sürülüb

    3 il ərzində James Webb kosmik teleskopu uzaq kosmos haqqında çoxsaylı vacib məlumatlar toplayıb və astrofizika sahəsində bir sıra kəşflərə səbəb olub. Yeni tədqiqat isə kainatın dərinlikləri ilə bağlı həm sadə, həm də sirli bir müşahidəni ortaya qoyur.
    dunyada-ilk-defe-bir-pasient-titan-urek-vasitesile-100-gun-yasaya-bilib
    Elm & Texnologiya

    Dünyada ilk dəfə bir pasient titan ürək vasitəsilə 100 gün yaşaya bilib

    Ürək çatışmazlığı olan bir kişiyə donor orqan gözlədiyi müddətdə həyatda qalması üçün müvəqqəti tədbir kimi titan ürək nəql edilib. Təcrübə bu prosedurun uğurlu və təhlükəsiz olduğunu göstərib.
    yadplanetli-heyat-novunun-hansi-planetlerde-axtarilmali-oldugu-aciqlanib
    Elm & Texnologiya

    Yadplanetli həyat növünün hansı planetlərdə axtarılmalı olduğu açıqlanıb

    Alimlər illərdir ki, yadplanetli həyat növünün axtarışındadırlar. Ənənəvi yanaşmaya görə, həyat Yerə bənzər planetlərdə axtarılır, çünki bizim planetimizdəki şəraitin başqa dünyalarda da canlı orqanizmlərin inkişafına kömək edə biləcəyi düşünülür.