
Marsın ox meylinin dəyişməsi planetdə böyük miqdarda su itkisinə səbəb olub
Elm & Texnologiya
26.05.2025
Emil
İspaniya və Fransa alimləri Marsın qədim ox meyli dəyişiklikləri (obliquasiyası) ilə su itkisi arasındakı korrelyasiyanı müəyyən ediblər. Tədqiqat göstərib ki, son 20 milyon il ərzində orta hesabla 35 dərəcə bucaqla meyillənmiş ox vəziyyətində, Marsın üst atmosfer qatından (ekzosferdən) hidrogenin sızma sürəti saniyədə 1.17 x 10²⁸ atom olub. Bu göstərici müasir dəyərlə müqayisədə 40 dəfə çoxdur (saniyədə 3 x 10²⁶ atom) və bu da planetin səthində qədim çay və göl izlərinin niyə qorunub saxlandığını izah edir. İndiyədək astrofiziklər düşünürdülər ki, su yavaş-yavaş aşağı atmosferdən yuxarıya doğru qalxır, burada H2 və O olaraq parçalanır, sonra isə hidrogen buxarlanaraq yox olur.

Lakin MAVEN, Mars Express missiyaları və Hubble teleskopu ilə aparılmış müşahidələr bu prosesin daha mürəkkəb olduğunu göstərib. Qlobal toz fırtınaları zamanı su buxarı birbaşa ekzosferə keçərək, ara mərhələləri atlaya bilir. Bu da ultrabənövşəyi spektrometrlərin hidrogen konsentrasiyasında kəskin dalğalanmaları niyə qeydə aldığını izah edir. Sxemdə son 20 milyon il ərzində Marsın ox meylinin dəyişməsi nəticəsində hidrogenin sızmasının necə gücləndiyi göstərilir. Hazırkı meyl bucağı (25.2 dərəcə) zamanı, yay aylarında qütb buzlaqlarından su buxarlanır və qışda geri qayıdır, atmosferin aşağı qatlarındakı toz isə suyun yuxarı qatlara qalxmasına kömək edir.

Burada su molekulları parçalanaraq hidrogen ayrılır. Keçmişdə, daha böyük meyl bucağı (35 dərəcə) zamanı, qütblərin güclü istilənməsi buzun intensiv buxarlanmasına səbəb olurdu, orta atmosfer qatlarında buludların yaranması və temperaturun +50 K-nə qədər qalxması müşahidə edilirdi. Bu isə suyun mezosferaya keçməsini və nəticədə hidrogenin itirilməsini daha da sürətləndirirdi. Bu prosesi modelləşdirmək üçün tədqiqat qrupu Mars-Planetary Climate Model (Mars-PCM) adlı iqlim modelindən istifadə edib. Bu model buludların yaranmasını və fotokimyəvi reaksiyaları nəzərə alır.
Buludların mikrofizikasının təkmilləşdirilməsi və kimyəvi reaksiyaların genişləndirilmiş dəsti əldə olunan nəticələrin müşahidələrlə yaxın olmasına imkan verib. Hesablamalar göstərib ki, oxun 35 dərəcə meyl bucağı zamanı qütb bölgələrindəki buz aktiv şəkildə ekvatorial ərazilərə daşınır, su buxarı ekzosferaya qalxır, burada ultrabənövşəyi şüalar suyu parçalayır və sıx buz buludları atmosfer qatları arasında istilik mübadiləsini gücləndirərək ekzosferada temperaturun artmasına səbəb olur. Buludların radiasiya effekti (enerjinin şüalanma yolu ilə yayılmasının son mərhələsi) yüngül hidrogenin sızmasının sürətlənməsi üçün şərait yaradır.

Nəticədə, illik su itkisi 1.9 x 10³⁵ atom təşkil edib. Bu da indiki səviyyədən 10 dəfə çoxdur. Bu göstərici Mars səthinə bərabər şəkildə yayılmış şərti qlobal su qatı (GEL) ilə ifadə edildikdə, 4 milyard il ərzində ümumi su itkisi 79 metrə çatır. Bu rəqəm Marsdakı qədim çay sistemlərinin təhlili əsasında verilən geoloji qiymətləndirmələrin aşağı sərhəddi ilə uyğun gəlir. Tədqiqatın nəticələri göstərir ki, hidrogenin sızması planetin qurumasında əsas rollardan birini oynayıb, lakin bu, yeganə səbəb deyil. Mars-PCM modelinə açıq çıxış bu sahədə gələcək tədqiqatlar üçün faydalı olacaq və yeni məlumatlar Marsın iqlim modelinin daha da dəqiqləşdirilməsinə kömək edəcək.
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
