
MediaTek Dimensity 9500 flaqman prosessoru təqdim edilib
Elm & Texnologiya
23.09.2025
Emil
MediaTek şirkəti öz yeni flaqman prosessorunu təqdim edib. Söhbət, Dimensity 9500-dən gedir. MediaTek-in bu yeni prosessoru TSMC şirkətinin N3P adlı yenilənmiş 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Qeyd etmək lazımdır ki, Apple şirkətinin A19 prosessoru da məhz bu texnoloji proses əsasında hazırlanıb. Dimensity 9500 prosessoru 8 nüvəlidir və onun tərkibində nüvələr “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 4.21 GHz tezlikdə çalışan 1 ədəd C1-Ultra nüvəsini, 3.5 GHz tezlikdə çalışan 3 ədəd C1-Premium nüvəsini və 2.7 GHz tezlikdə çalışan 4 ədəd C1-Pro nüvəsini birləşdirir. Prosessorun qrafik imkanlarından Arm Mali-G1 Ultra qrafik çipi cavabdehdir. Keçən ilki Dimensity 9400 ilə müqayisədə Dimensity 9500 prosessoru birnüvəli rejimdə 32%-ə qədər, çoxnüvəli rejimdə isə 17%-ə qədər performans yüksəlişi sərgiləyir.

Prosessorun C1-Ultra nüvəsi yüksək yüklənmə halında 55% daha az enerji sərf edir. Bu isə öz növbəsində sözügedən prosessora sahib smartfonun çalışma müddətini uzadır. Dimensity 9400 ilə müqayisədə Dimensity 9500-ün ümumi enerji sərfiyyatı 37% azalıb. Dimensity 9400-də olan Immortalis-G925 MC12 qrafik çipindən fərqli olaraq Dimensity 9500-də olan Arm Mali-G1 Ultra qrafik çipi 33% daha performanslı, 42% daha enerji effektivlidir. Şirkət bu prosessorun ray-tracing texnologiyası çərçivəsində yüksək performansını söz verir. Dimensity 9500-də NPU 990 adlı yeni nəsil neyron çipi istifadə edilib. Məlumatda qeyd edilib ki, əvvəlki neyron çipindən fərqli olaraq bu yeni neyron çipi 2 dəfə daha performanslıdır. Şirkətin sözlərinə əsasən o, bilavasitə smartfon daxilində 4K təsvirləri tərtib etməyə qadirdir. Dimensity 9500-ə sahib ilk smartfonlar artıq gələn ay təqdim olunmalıdır.
Paylaş