
Məhvolma prosesindəki ulduzun məlumatları musiqiyə çevrilib (VİDEO)
Elm & Texnologiya
13.05.2025
Emil
NASA bir neçə kosmik teleskop tərəfindən toplanan məlumatlar əsasında yaradılmış üç musiqi kompozisiyasını dərc edib. Yeni səsləndirmələr (sonifikasiya) Chandra kosmik rentgen teleskopu, James Webb kosmik teleskopu və rentgen polarimetriyasını araşdırmaq üçün nəzərdə tutulmuş Imaging X-Ray Polarimetry Explorer (IXPE) kosmik aparatı tərəfindən əldə olunmuş məlumatlardan hazırlanıb. Sonifikasiya prosesi fərqli məlumatlara musiqi notlarının təyin edilməsini nəzərdə tutur. Bu sayədə kosmik müşahidələrin nəticələri səsə çevrilə bilir və nəticədə kosmosu sözün əsl mənasında “eşitmək” mümkün olur. Hazırlanmış bu 3 yeni audio kompozisiya, qara dəliklərin inkişafının müxtəlif mərhələlərini əks etdirən 3 kosmik obyektin müşahidəsi zamanı toplanmış məlumatlar əsasında yaradılıb.
Birinci melodiyada yeni qara dəliyin mümkün yaranması əks olunub. WR 124 adlı böyük kütləli ulduz öz xarici qatlarını sürətlə atır və bu proses nəticəsində onun ətrafında qaz və tozdan ibarət bir dumanlıq əmələ gəlir. WR 124 - Volff-Rayet sinfinə aid olan ulduzdur və Yer kürəsindən 28 min işıq ili uzaqlıqda, Ox bürcündə yerləşir. Bu parlaq və kütləvi ulduz həyat dövrünün sonuna yaxınlaşır və onun mövcudluğu güclü partlayışla sona çata bilər. Bu partlayışdan sonra həmin məkanda qara dəliyin yaranması ehtimal olunur. İkinci fonoqram SS 433 obyektinin müşahidə məlumatlarına əsaslanır. Bu obyekt Günəşə bənzər bir ulduzun daha ağır bir yoldaş - neytron ulduzu və ya qara dəlik ətrafında dövr etdiyi ikili sistemdir.
Rentgen şüalanmasındakı dalğalanmalar sonifikasiya zamanı müxtəlif ton və musiqi alətlərinin səslərinə çevrilir. Eyni zamanda, su damcılarının zəngi fon plandakı parlaq ulduzları əks etdirir, simli alətlərdəki dartınma səsləri isə bu sistemin ulduzlararası toz və qaz buludunun içindəki yerini göstərir. Üçüncü kompozisiya isə Yer kürəsindən 12 milyon işıq ili uzaqda, Sentavr bürcündə yerləşən linzavari Sentavr A qalaktikasının müşahidə məlumatları əsasında hazırlanıb. Bu qalaktikanın mərkəzində superkütləli qara dəlik yerləşir. Bu fonoqramda rentgen şüalanması külək səsinə bənzər səslərlə ifadə olunur, görünən şüalanmanın məlumatları isə ulduz və qalaktikanın quruluşunu əks etdirən simli musiqi alətləri ilə təqdim edilir. Bu struktur kompozisiyanın final hissəsində əksini tapır.
Mənbə: NASA
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
