Logo
    Meta Koreya startapı ilə 960 AI çipini birləşdirən sistem hazırlayır

    Meta Koreya startapı ilə 960 AI çipini birləşdirən sistem hazırlayır

        “Meta” Koreyanın kiçik “Panmnesia” startapı ilə süni intellekt məlumat mərkəzləri üçün yeni quruluş hazırlayır. Layihədə CXL adlı yüksək sürətli bağlantı standartı işlədilir. Bu standart fərqli server rəflərindəki prosessorları, süni intellekt çiplərini və yaddaşı adi şəbəkə bağlantısı olmadan birləşdirir. Sistem eyni hesablama sahəsində təxminən 960 sürətləndiricini birləşdirə bilər. Beləliklə, bütün avadanlıq ortaq resurslardan yararlanan vahid sistem kimi işləyir.
    Meta Koreya startapı ilə 960 AI çipini birləşdirən sistem hazırlayır
        Böyük süni intellekt modelləri öyrədilərkən yüzlərlə qurğu eyni hesablamanın müxtəlif mərhələlərini yerinə yetirir. Onlardan biri gecikəndə digərləri də gözləməli olur. Server rəfləri arasında işləyən “Ethernet” və “InfiniBand” bağlantılarında məlumat paketlərinin emalı, eləcə də proqramların uzlaşdırılması qeyri-sabit gecikmələr yarada bilər. CXL yaddaş və hesablama gücünü ortaq mühitdə birləşdirərək məlumat ötürülməsini daha sabit etməlidir.
        “Panmnesia” bu sistem üçün çoxlu bağlantı çıxışı olan kommutator, məlumat ötürülməsini sürətləndirən blok və idarəetmə nəzarətçisi hazırlayıb. Avadanlıq alt sistemlərə və qruplara bölünərək vahid bağlantı quruluşunda işləyir. Şirkət nəzarətçi və sürətləndirmə blokunu real çiplərdə sınaqdan keçirib. Kommutator da istehsal olunub, ilkin nümunələr kommersiya məhsullarının hazırlanması üçün verilir.
    Meta Koreya startapı ilə 960 AI çipini birləşdirən sistem hazırlayır
        Müqayisə üçün, “NVIDIA GB200 NVL72” sistemində 1 prosessor “NVLink-C2C” bağlantısı ilə 2 sürətləndiricini birbaşa idarə edir. Yeni quruluşda 1 prosessor 16 sürətləndiricini əlaqələndirə bilər. Bu, “NVIDIA” sistemindəki göstəricidən 8 dəfə çoxdur. Təxminən 60 belə qrup birləşdirildikdə vahid sahədə 960 sürətləndirici işləyə bilər. Server rəfləri arasında məlumat ötürülməsində gecikmə mikrosaniyələrdən bir neçə yüz nanosaniyəyə enə bilər. Bu halda gecikmə təxminən 10 dəfə azalır.
        Yeni quruluş sıradan çıxan avadanlığı bütün serveri dayandırmadan dəyişməyə də şərait yarada bilər. Lakin elektrik siqnalları ilə işləyən CXL bağlantısı 128 GT/s sürətdə, 2 siqnal təkrarlayıcı ilə təxminən 7 metr məsafəyə çatır. “Panmnesia” daha uzun məsafələr üçün işıq siqnalları ilə işləyən optik CXL bağlantısı hazırlayıb və onun ilkin avadanlıq nümunəsini sınaqdan keçirib. Layihənin real məlumat mərkəzlərində nə vaxt işə düşəcəyi hələ açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...