Meta süni zəkaya istiqamətlənmiş 200 milyard dollar dəyərində data mərkəz inşa etməyi nəzərdən keçirir
Elm & Texnologiya
26.02.2025
Emil
Meta, süni zəka sahəsində layihələrin hazırlanacağı bir kampusun məlumat emalı mərkəzinin (Data Center) yanında tikintisini müzakirə edir. Layihənin dəyəri 200 milyard dollar olaraq qiymətləndirilir. Meta rəhbərliyi məlumat emalı mərkəzlərinin layihələndirilməsi və tikintisi ilə məşğul olan şirkətlərə bildirib ki, bu yeni kampusun Luiziana, Vayominq və ya Texas ştatlarından birində inşa edilməsini nəzərdən keçirir. Fevral ayında Meta-nın yüksək səviyyəli rəhbərləri kompleksin tikilə biləcəyi ərazilərə baş çəkiblər.
2022-ci ildə Microsoft-un dəstəyi ilə OpenAI tərəfindən ChatGPT-nin istifadəyə verilməsi süni zəka sahəsinə qlobal miqyasda investisiyaların kəskin artmasına səbəb oldu. Bu gün bir çox fərqli sənaye sahəsindəki şirkətlər öz süni zəka sistemlərini inkişaf etdirməyə çalışırlar. Meta-nın rəsmi nümayəndəsi şirkətin bu cür planlara malik olması barədə yayılan məlumatları təkzib edib. O, Meta-nın artıq məlumat emalı mərkəzlərinin inkişafı ilə bağlı planlarını açıqladığını, bunun xaricində yayılan xəbərlərin isə "tamamilə spekulyativ" olduğunu bildirib.
Yanvar ayında Meta-nın rəhbəri Mark Zuckerberg bəyan etdi ki, şirkət bu il süni zəka ilə bağlı infrastrukturun genişləndirilməsinə 65 milyard dollar xərcləyəcək. Müqayisə üçün Microsoft 2025-ci maliyyə ilində məlumat emalı mərkəzlərinin inkişafına 80 milyard dollar investisiya qoymağı planlaşdırır. Amazon 2025-ci ildə bu sahəyə 75 milyard dollardan çox vəsait ayırmağı hədəfləyir, bu isə 2024-cü ildə tələb olunan məbləğdən yüksəkdir.