Logo
    main-post-cover

    Milyardlarla il öncə vulkan püskürmələri Marsda su buzu ehtiyatının yaranmasına səbəb ola bilərmiş

         Yeni tədqiqatlar göstərir ki, Marsda milyardlarla il əvvəl baş vermiş nəhəng vulkan püskürmələri planetin ekvatorial bölgəsində iri buz təbəqələrinin yaranmasına gətirib çıxara bilərdi. Bu nəzəriyyə, adətən quru və isti iqlimə malik olan bir bölgədə buzun necə əmələ gələ biləcəyini izah etməyə kömək edir. Arizona Dövlət Universitetindən Saira Hamid-in rəhbərlik etdiyi tədqiqat qrupu Marsda təxminən 4.1-3 milyard il əvvəl baş vermiş böyük vulkan püskürmələri zamanı iqlim dəyişikliklərini göstərən bir model hazırlayıb. Aparılan modelləşdirmə nəticəsində məlum olub ki, belə püskürmələr zamanı atmosferə nəhəng miqdarda su buxarı daxil olur.
         Bu buxarın kondensasiyası və kristallaşması nəticəsində cəmi 3 günlük aktiv püskürmə ərzində qalınlığı 5 metrə qədər olan buz qatı əmələ gələ bilər. Lakin buzun yaranma prosesi qədər onun qorunması da az əhəmiyyət daşımırdı. Tədqiqatçılar ehtimal edirlər ki, buz təbəqələri sıx vulkanik toz və kül qatı ilə tez bir zamanda örtülərək möhkəm istilik izolyasiyası baryeri yaradıb. Bu qoruyucu örtük ekvatora yaxın bölgələr üçün xarakterik olan güclü günəş radiasiyası təsirindən buzun buxarlanmasının qarşısını alırdı. Bundan əlavə, alimlər irəli sürürlər ki, vulkan püskürmələri zamanı baş verən kütləvi kükürd turşusu emissiyaları planetdə kəskin soyuma effekti yarada bilərdi.
         Bu hadisə “Mars qışı” adlandırıla biləcək bir vəziyyəti formalaşdırmış olardı. Uzunmüddətli temperaturun aşağı düşməsi isə buz təbəqələrinin yaranması və qorunmasına şərait yaratmışdır. Belə kəşflər Marsın gələcək tədqiqat missiyalarının planlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Su buzu, planetin potensial kolonizasiyası zamanı astronavtlar üçün həm su, həm də oksigen mənbəyi kimi dəyərli resurs sayılır. Buz ehtiyatlarının paylanması və xüsusiyyətləri barədə yeni biliklər, gələcək tədqiqat stansiyaları üçün optimal yerlərin seçilməsini asanlaşdıracaq və bununla da elmi ekspedisiyaların səmərəliliyini artıracaq.
    Paylaş