Logo
    main-post-cover

    Nanohissəciklər 3 seansa siçanlarda Altsheymer xəstəliyini dayandırıblar

         İspaniya və Çin alimləri neyrodegenerasiyanın müalicəsi üçün yeni bir strategiya təqdim ediblər. Bu yanaşma neyronlara birbaşa təsir göstərmək əvəzinə, damar funksiyalarının bərpasına yönəlib. Nəticədə cəmi 3 müalicə seansından sonra Altsheymer xəstəliyinin gedişatını klinik öncəsi modellərdə geri çevirmək mümkün olub. Yeni müalicə üsulu neyronlara birbaşa təsir etmədən, beynin qoruyucu damar təbəqəsi olan hematoensefalik baryerin (GƏB) funksiyasını bərpa etməyə yönəlib. Alimlər GƏB-i hədəf seçiblər, çünki məqsədləri beyində yaranan hüceyrə tullantılarının çıxarılmasını gücləndirmək idi. Altsheymer xəstəliyi zamanı əsas “tullantı” zülal beta-amiloid olur və onun toplanması neyronların normal fəaliyyətini pozur.
         Tədqiqatın nəticələri Kataloniya Biomühəndislik İnstitutunun saytında dərc edilib. Alimlərin sözlərinə görə, Altsheymer xəstəliyi zamanı toxumalarda amiloid zülalları toplanmağa başlayır, lakin GƏB yenidən normal fəaliyyət göstərməyə başladıqda bu zülalların xaric olunma prosesi bərpa olunur. “Nanohissəciklər sanki bir dərman kimi davranır və beyindəki təmizlənmə mexanizmini normal vəziyyətinə qaytarır” - deyə tədqiqat müəllifləri izah ediblər. Nanohissəciklər siçanlara 3 dəfə yeridilib.
         İlk inyeksiyadan cəmi 1 saat sonra alimlər beta-amiloid səviyyəsinin 50-60% azalmasını qeydə alıblar. Alimlər nanohissəcikləri 12 aylıq siçanlara yeritdikdə, onlar 18 aylıq yaşda sağlam davranış və yaddaş nümayiş etdiriblər. İnsan ölçülərinə görə bu, təxminən 60 və 90 yaş arasındakı fərqə bərabərdir. “Təcrübə beta-amiloidin sürətli şəkildə orqanizmdən xaric edilməsində, GƏB funksiyasının bərpasında və toxumalardakı patoloji dəyişikliklərin aradan qaldırılmasında heyrətamiz effektivlik göstərdi” - deyə araşdırmanın həmmüəllifi Lorena Ruiz Perez bildirib. Alimlər nəticələri klinik sınaqlara yaxınlaşdırmaq məqsədilə təcrübələri davam etdirməyi planlaşdırırlar.
    Paylaş