NASA Gateway üçün logistika planını yenidən nəzərdən keçirir
Elm & Texnologiya
30.01.2026
Ilhama
Technote.az “Space News” platformasına istinadən bildirir ki, NASA Ay ətrafında inşa olunacaq Gateway orbital stansiyasına yük daşımalarının necə həyata keçiriləcəyi ilə bağlı həlledici mərhələyə gəlib. Agentlik hazırda mövcud planı davam etdirmək və ya alternativ logistika yanaşmalarına keçmək arasında seçim etməyə hazırlaşır.
NASA 2020-ci ildə Gateway üçün logistika xidmətləri proqramı çərçivəsində SpaceX şirkətini seçmişdi. Şirkət bu məqsədlə Dragon XL adlı xüsusi yük kosmik aparatı təklif etmişdi. Model Beynəlxalq Kosmik Stansiya üçün istifadə olunan kommersiya yük daşımalarına bənzər şəkildə nəzərdə tutulurdu. Lakin Gateway proqramındakı gecikmələr bu layihənin inkişaf tempini zəiflədib.
NASA-nın Kennedy Kosmik Mərkəzində Deep Space Logistics proqramının rəhbəri Mark Vizenin sözlərinə görə, kommersiya xidmətləri çox erkən mərhələdə sifariş edildikdə uzun müddət istifadəsiz qala bilər. Agentlik 2023-cü ildə SpaceX-ə ilk Gateway logistika missiyası üçün rəsmi icazə versə də, ötən il şirkətin təklif etdiyi yeni logistika arxitekturasını dəyərləndirməyə başlayıb. Bu alternativlərdən biri Dragon XL əvəzinə SpaceX-in Starship platformasından istifadə olunmasıdır. NASA bu yanaşmanın gələcəkdə Ay ətrafı və cis-lunar məkan üçün daha geniş logistika imkanları yaradıb-yaratmayacağını araşdırır. Gateway üzrə işlər ötən il ABŞ administrasiyasının 2026-cı il büdcə təklifində proqramın ləğvi ideyasından sonra müvəqqəti dayandırılmışdı. Lakin Konqres ötən ilin iyulunda qəbul edilən büdcə paketi ilə Gateway layihəsini maliyyələşdirməyə davam edib.
NASA həmçinin cis-lunar nəqliyyat bazarını genişləndirmək məqsədilə müxtəlif şirkətlərlə tədqiqatlar aparıb. Bu çərçivədə Blue Origin, Rocket Lab və United Launch Alliance daxil olmaqla altı şirkət orbitlərarası yükdaşıma konsepsiyaları üzərində çalışıb. NASA-nın növbəti addımlarla bağlı qərarlarının Artemis 2 missiyasından sonra verilməsi gözlənilir.
Paylaş