
NASA-nın yeni modeli hansı planetlərdə həyatın mümkün olduğunu anlamağa yardımçı olacaq
Elm & Texnologiya
03.06.2025
Emil
NASA-nın “Alien Earths” layihəsi çərçivəsində çalışan alimlər qrupu Yer kürəsindən kənar həyatın axtarışı məsələsinə yeni yanaşma hazırlayıb. Bu yanaşma “kəmiyyətə əsaslanan yaşayış modeli” adlanır və mövcud məlumatlar əsasında müəyyən bir mühitdə həyatın mövcud olma ehtimalını qiymətləndirməyə imkan verir. Bu, həmin mühit haqqında məlumatlar tam və ya dəqiq olmadıqda belə mümkündür. Tədqiqatçılar “ümumiyyətlə bu planetdə həyat mümkündürmü?” sualına cavab axtarmaq əvəzinə daha konkret yanaşma təklif ediblər: “Mövcud olan məlum şəraitdə müəyyən bir orqanizm növü və ya ekosistem tipi yaşaya bilərmi?”. Bu məqsədlə model iki parametrlər toplusunu müqayisə edir:
- Orqanizm modeli (onun yaşamaq üçün nəyə ehtiyacı var - temperatur, atmosferin tərkibi, enerji və s.)
- Mühit modeli (planetin temperaturu, kimyəvi tərkibi, suyun mövcudluğu və digər şəraitlər barədə məlum olanlar).

Əgər parametrlər üst-üstə düşürsə, bu, uyğunluq ehtimalının mövcud olduğunu göstərir. Model eyni zamanda qeyri-müəyyənlik səviyyəsini də nəzərə alır. Məsələn, əgər planetdə suyun mövcudluğu 88% ehtimalla təyin olunubsa, bu rəqəm hesablamalara daxil edilir. Nəticə isə “bəli” və ya “xeyr” kimi deyil, rəqəmlə ifadə olunmuş yaşayış ehtimalı kimi verilir. Tədqiqatçılar modeli Yer üzərindəki ekstremofillərlə - yəni sərt mühitlərdə yaşayan orqanizmlərlə - bağlı real məlumatlarla sınaqdan keçiriblər.
Bunlar qaynar bulaqlarda, Antarktida buzlaqlarında, okean dərinliklərində və ya atmosferin yüksək qatlarında yaşaya bilən mikroorqanizmlərdir. Onlar belə orqanizmlərin Marsın yeraltı qatlarında və ya Yupiterin peyki olan Avropanın okeanında yaşamaq imkanlarını yoxlayıblar. Həmçinin Yer mənşəli bakteriyaların potensial yaşana bilən şəraitə malik tanınmış ekzoplanetlərdə sağ qalmaq imkanları da təhlil edilib. Bu model artıq qərarların qəbulunda istifadə olunur. Məsələn, teleskopun A və ya B planetinə yönəldilməsinin məqsədəuyğun olub-olmaması, yaxud aşkar edilmiş biosiqnalın həqiqətən həyatın göstəricisi olub-olmaması - yoxsa sadəcə geokimyəvi proseslərin nəticəsi olması kimi suallara cavab tapmaq üçün.
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
