
Nvidia məşhur çipset şirkəti olan ARM-ı almağa hazırlaşır: Satış yaxın zamanda elan edilə bilər
Elm & Texnologiya
13.09.2020
Nijat
İki nəhəng və bir çoxumuz tərəfindən bilinən şirkət: Arm və Nvidia. Nvidia şirkəti kompüterlər üçün videokart istehsal etməsi və süni zəka proyektləri ilə tanınır. ARM isə bu gün bir çox cihaz üçün (smartfondan ağıllı paltaryuyana qədər) çipset istehsal etməsi ilə bilinir. Android smartfonlarda istifadə edilən Snapdragon, Exynos, MediaTek və s prosessorlar ARM tərəfindən hazırlanan arxitekturalar əsasında ortaya çıxır. Bir müddət əvvəl ARM şirkətinin sahibi SoftBank ARM-ı satmaq qərarına gəldi və müştərilər arasında xüsusilə Nvidia fərqlənirdi. İndi isə yeni çıxan xəbərlərə görə Nvidia SoftBank şirkəti ilə razılığa gəlib və ARM-ı almağa hazırlaşır.
The Wall Street Journal tərəfindən verilən məlumata görə yaxın zamanda satış müqaviləsi imzalanacaq və Nvidia şirkəti ARM üçün 40 milyard dollar nəğd və hissə sənədi olaraq pul ödəyəcək.

Qeyd edək ki, 2016-cı ildə SoftBank şirkəti ARM-ı 32 milyard dollara almışdı. 4 il ərzində isə ARM şirkətinin dəyəri artaraq 40 milyard dollara Nvidia-a satılmağı planlaşdırılır. Verilən məlumata görə problemlər çıxmazsa gələn həftənin əvvəllərində bu satış tamamlanacaq. Nvidia ARM ilə birləşərək ən nəhəng yarımkeçirici istehsalçısı olmağı planlaşdırır. Bəs biz istifadəçilər bunun xeyrini necə görə biləcəyik? ARM şirkəti istehsal etdiyi çip və arxitekturalarda Mali videoqrafik çiplərini istifadə edir və bilindiyi kimi bu çiplər çox da yetərli performans verə bilmir. Snapdragon çiplərində olan və Qualcomm tərəfindən AMD-in Radeon texnologiyası əsasında hazırlanan Adreno qrafik çipləri smartfonlarda oyun oynayan zaman daha yaxşı performans göstərir. Nvidia ARM şirkəti alarsa artıq ARM çiplərində Mali videoçipləri yox, Nvidia tərəfindən hazırlanan mobil qrafik çiplərini görə bilərik. Nvidia-nın kompüter videokart ekosistemində liderliyi hər kəsə məlumdur. Bu smartfon ekosisteminə də sıçrasa oyunlarda çox daha yaxşı performans göstərən prosessorlar görə bilərik.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
