Logo
    main-post-cover

    Perseverance aparatı Marsda maraqlı kəşflərin ola biləcəyi əraziyə çatıb

    Elm & Texnologiya
    22.05.2025
    Emil
         NASA-nın Perseverance aparatı Marsda yeni bir bölgəyə çatıb. Alimlərin fikrincə, bu ərazi Qırmızı planetdəki ən qədim və maraqlı süxurların bəzilərini özündə birləşdirir. Bu qayalarda qeyri-yer mənşəli həyatın mövcudluğuna dair izlər ola bilər. Xatırladaq ki, Perseverance aparatı 2021-ci ilin fevralında Marsın 45 kilometr enindəki Jezero kraterinə eniş edib. Onun əsas missiyası Marsda keçmişdə həyatın olub-olmadığına dair sübutlar axtarmaq və yerli qaya süxurlarından dəyərli nümunələr toplamaqdır. Son 4 ildən artıq müddət ərzində aparat uzun məsafə qət edib və indi tədqiqat üçün yeni əraziyə - qayalıqların yer aldığı bir yayla (digər adı plato) çatıb. NASA alimləri bu bölgəyə Krokodillen adını veriblər. Bu ad Norveçin Şahzadə Karl adasında yerləşən dağ silsiləsinin şərəfinə seçilib.
         Krokodillen norveç dilində timsah deməkdir. Təxminən 30 hektar ərazini əhatə edən bu region, Jezero kraterinin kənarı ilə onun arxasında yerləşən düzənliklər arasında bir növ sərhəd zonasıdır. Əvvəllər alimlər müşahidələrə əsaslanaraq bu bölgədə maye suyun təsiri ilə yaranmış mineralların mövcud olduğunu ehtimal etmişdilər. Əgər NASA-nın Perseverance aparatı Krokodillen bölgəsində belə daha çox mineral aşkarlaya bilsə, bu, yalnız oradakı səthdə maye suyun mövcudluğunu deyil, eyni zamanda mikrob həyatının mövcud olmuş ola biləcəyini də göstərə bilər. Alimlərin sözlərinə görə, bu bölgədəki qaya süxurları Marsdakı Jezero kraterinin yaranmasından da əvvəl, Qırmızı planetin ən qədim geoloji dövründə - təxminən 4.1-3.5 milyard il əvvəlki Nuh dövründə formalaşıb.
    Perseverance aparatının Krokodillen ərazisinə yollanarkən çəkdiyi foto:
         Alimlər hələ də ümid edirlər ki, çox qədim qayalarda həyatın potensial izlərini - yəni biosiqnalları aşkarlaya bilərlər. Təxmin edilir ki, bu izlər ötən il Perseverance aparatının Cheyava Falls adlı qaya nümunəsində aşkar etdiyi biosiqnallardan əhəmiyyətli dərəcədə fərqli ola bilər. Həmin böyük qayanın tərkibində aparat qədim mikrob həyatının aktivliyinə uyğun kimyəvi izlər və struktur formalaşmaları aşkar etmişdi. Lakin bu cür xüsusiyyətlər geoloji proseslər nəticəsində də yarana bilər, yəni mütləq həyat sübutu sayılmır. Perseverance aparatının özü Marsda həyatın olub-olmadığını dəqiq müəyyən edə bilmir, çünki lazımi təchizata malik deyil. Buna görə də o, qaya nümunələrini toplayır və onları xüsusi titan borulara yerləşdirərək möhürləyir.
         Bu nümunələr gələcəkdə Yerə gətirilməlidir. Həmin vaxt alimlər Marsda həqiqətən həyat olubmu, ya da hələ də varmı sualına cavab tapmağa çalışacaqlar. Marsdan nümunələrin Yerə gətirilməsi missiyası əvvəlcə 2028-2030-cu illər üçün planlaşdırılsa da, NASA büdcəsinin azaldılması səbəbilə bu missiyanın nə vaxt baş tutacağı hələ məlum deyil. Hazırda NASA-nın aparatı 43 titan boruya malikdir, onlardan yalnız 7-si hələ boşdur. Bu səbəbdən alimlər Perseverance-a bir neçə sonuncu doldurulmuş borunu hələlik möhürləməməyi əmr ediblər, çünki gələcəkdə daha maraqlı nümunələr tapılarsa, onları saxlamaq üçün yer olmalıdır. Əgər zəruri olarsa, aparat əvvəldən toplanmış, lakin əhəmiyyət kəsb etməyən materialı borudan çıxarıb atacaq.
    Mənbə: Space.com
    Paylaş