
Qara dəlik ulduz daxilində gizli şəkildə formalaşa bilər
Elm & Texnologiya
23.05.2025
Emil
Alimlərin fikrincə, ətrafındakı hər şeyi udan qara dəliklər bəzən kütləvi ulduzların ölümündən sonra yox, onların daxilində səssiz və gizli şəkildə formalaşa bilər. Yəni ulduz hələ də canlı görünür, amma daxilində onun ölümünün simvolu - qara dəlik - gizlənir. Fiziklər bunu insan təsəvvürünü aşan dərəcədə qəribə və həyəcanverici bir ssenari adlandırırlar. Astrofiziklər qravitasiya dalğalarının araşdırılması nəticəsində aşkar ediblər ki, kütləsi nisbətən az olan qara dəliklər mövcud ola bilər. Halbuki indiyə qədərki nəzəriyyələrə görə, belə qara dəliklər yalnız kütləvi ulduzların supernova partlayışından sonra yaranırdı. Lakin Günəşə bənzər kiçik ulduzlar öləndən sonra qara dəlik deyil, ağ cırtdanlar əmələ gətirir.

Yeni nəzəriyyəyə əsasən, aşağı kütləli belə qara dəliklər qaranlıq materiyadan əmələ gələ bilər. Qaranlıq materiya görünməz bir materiyadır və kosmosu doldurur, öz cazibə qüvvəsi ilə qalaktikaların formalaşmasına təsir edir, lakin birbaşa müşahidə edilə bilmir. Ehtimal olunur ki, qaranlıq materiya ulduzların daxilində toplanaraq, adi görünüşlü bir ulduzun mərkəzində kiçik bir qara dəliyin formalaşmasına səbəb ola bilər. Qara dəlik ulduzun daxilində formalaşan kimi, ətrafdakı materiya ilə qidalanaraq böyüməyə başlayır. Lakin bu böyümənin necə baş verdiyi və bundan sonra nə olacağı ulduzun növündən və fırlanma sürətindən asılıdır.

Ağ cırtdanlar - Günəşə bənzər ulduzların sıx və kiçik qalıqlarıdır. Onların ölçüsü Yer planeti qədər olsa da, kütlələri adətən Günəşin kütləsindən bir qədər az və ya bir qədər çox olur. Ağ cırtdanlar cazibə qüvvəsinə müqavimət göstərə bilirlər və daha da kiçik obyektə çevrilmədən sabit qala bilirlər. Lakin əgər onların daxilində qara dəlik əmələ gəlibsə, proses tamamilə fərqli olur. Bu zaman ağ cırtdanın öz oxu ətrafında fırlanması həlledici rol oynayır. Alimlər üç mümkün ssenari irəli sürüblər:
- Əgər ulduz yavaş fırlanırsa, nüvənin ətrafındakı materiya asanlıqla qara dəliyə doğru çəkilir. Kiçik qara dəlik tədricən böyüyür və nəticədə bütün ulduzu udaraq onu aşağı kütləli qara dəliyə çevirir.
- Əgər ulduz orta sürətlə fırlanırsa, bu zaman "çılpaq sinqulyarlıq" və ya "çılpaq qara dəlik" əmələ gələ bilər. Belə obyektlərin hadisə üfüqü (event horizon) olmur. Bu cür obyektlər fizika ilə bağlı anlayışlarımıza meydan oxuyur və cazibə qüvvəsinin daxili mexanizmlərini açıqlaya bilər.
- Əgər ağ cırtdan sürətlə fırlanırsa, qara dəliyin böyüməsi kəskin şəkildə yavaşlayır. Qara dəlik sanki bir parazitə çevrilir və çox yavaş şəkildə materiya ilə qidalanır. Bu halda ağ cırtdan varlığını davam etdirə bilər. Xaricdən baxıldıqda ulduz adi kimi görünə bilər, lakin dərinliklərində səssiz bir transformasiya baş verir.

Bu gizli qara dəliklər ulduzların daxilində yerləşə bilər və onları yalnız qəribə qravitasiya dalğaları müşahidə olunmadıqca və ya ulduz qeyri-adi davranmadıqca aşkarlamaq mümkün deyil. Fiziklər hesab edirlər ki, bu cür qara dəliklər ulduzların daxilində milyardlarla il mövcud ola bilər. Daha sonra isə bu qara dəliklər ulduzları tamamilə udaraq ya adi qara dəliyə, ya da çılpaq sinqulyarlığa çevrilirlər. Alimlərə görə, aşağı kütləli qara dəliklər məhz Süd Yolu qalaktikasının mərkəz bölgəsindəki ağ cırtdanlardan yaranır. Bu bölgə qalaktik diskin mərkəzində yerləşən qalınlaşmadır və alimlərin fikrincə, orada çoxlu miqdarda qaranlıq materiya mövcuddur. Əgər bu gizli qara dəliklər həqiqətən mövcuddursa, onlar ulduzların daxilindəki qaranlıq materiyanın davranışını təbii yolla müşahidə edən detektorlar kimi fəaliyyət göstərə bilərlər. Əgər çılpaq sinqulyarlıqlar bu yolla formalaşırsa, bu, ümumi nisbilik nəzəriyyəsinin əsas prinsiplərindən biri olan “kosmik senzura”nın pozulmasının müşahidə edilə biləcəyi mənasını verir.
Mənbə: Phys.org
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
