Logo
    main-post-cover

    Qara dəliklərin daxilində sinqulyarlıaq olmaya bilər

    Elm & Texnologiya
    13.06.2025
    Emil
         Bu ilin əvvəlində fiziklər müasir fizikanın ən böyük problemlərindən birinə - qara dəliklərin mərkəzində sinqulyarlığın mövcudluğu məsələsinə - yeni bir həll təklif etdilər. Alimlər ehtimal edirlər ki, sinqulyarlıq ümumiyyətlə mövcud deyil, lakin bu fikir hamı tərəfindən qəbul olunmur. Qara dəliklərin mövcudluğu və onların daxilində sinqulyarlığın yerləşməsi ideyasını ilk dəfə 1916-cı ildə öz nisbilik nəzəriyyəsində Albert Eynşteyn irəli sürmüşdü. Sinqulyarlıq, kütlənin sonsuz sıxlıqda olduğu və o qədər konsentrasiyalı vəziyyətə gəldiyi bir nöqtədir ki, bu kütlə tərəfindən yaradılan fəza-zaman əyriliyi də sonsuzluğa çatır. Lakin sinqulyarlıqda bütün məlum fizika qanunları pozulur. O, nə ümumi nisbilik nəzəriyyəsinin qanunlarına, nə də mikro səviyyəni izah edən kvant mexanikasına tabe olmur.
         Halbuki bu iki nəzəriyyə kainatı makro və mikro səviyyədə təsvir edən əsas elmi çərçivələr hesab olunur. Buna görə də fiziklər sinqulyarlıq problemini həll etməyə çalışırlar. Əvvəlki bir tədqiqatda alimlər ümumi nisbilik nəzəriyyəsinin sahə tənliklərini elə şəkildə dəyişdirmişdilər ki, fəza-zamanın güclü əyrilik göstərdiyi hallarda cazibə qüvvəsi fərqli davranırdı. Beləliklə, fiziklərin fərziyyəsinə görə, sinqulyarlıq əvəzinə qara dəliyin mərkəzində yerləşən çox güclü əyilmiş statik bir sahə mövcuddur. Lakin bu yanaşma ABŞ-ın Nyu-Heyven Universitetindən fizik Nikodem Poplawski-ni razı salmadı. O bildirir ki, bu nəzəriyyə 5 ölçünün mövcudluğunu nəzərdə tutur, halbuki aparılmış təcrübələr və müşahidələr göstərir ki, biz dördölçülü fəza-zaman daxilində yaşayırıq.
         Bu günə qədər əlavə ölçülərin varlığına dair heç bir sübut tapılmayıb. Poplawski həmçinin qeyd edir ki, həmin tədqiqatda qara dəliyin daxili hissəsi statik kimi təsvir olunur, halbuki cazibə sahəsinin tənlikləri göstərir ki, qara dəliyin daxilində fəza-zaman statik ola bilməz. Fizik hesab edir ki, bu sadəcə əlavə ölçülərlə işləyən bir cazibə nəzəriyyəsinin riyazi araşdırmasıdır. Poplawski-yə görə, qara dəlikdəki sinqulyarlığı klassik fizika çərçivəsində aradan qaldırmaq cəhdləri uğursuz olur, çünki bu yanaşmalar tamamilə riyazidir və fiziki əsasdan məhrumdur. Alim inanır ki, bəşəriyyət bir gün qara dəliyin daxilində həqiqətdə nə olduğunu öyrənəcək və sinqulyarlıq problemini həll edə biləcək. Lakin bu yol asan olmayacaq.
         Poplawski-nin sözlərinə görə, alimlər qara dəliyin daxilində nə olduğunu yalnız o halda öyrənə bilərlər ki, hər bir qara dəlik yeni bir kainat yaratsın və bizim kainatımız da bir qara dəliyin içində yaranmış olsun. Əgər kainatımız bir qara dəlikdə yaranıbsa, onun ilkin genişlənməsi fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması) və ya qravitasiya dalğaları vasitəsilə yoxlana bilər. Əks halda, qara dəliyin mərkəzində nə olduğunu müəyyənləşdirmək demək olar ki, mümkünsüzdür, deyə fizik bildirib. Lakin alimlərin bu həqiqətə çatması üçün bəlkə də 100 il vaxt lazım olacaq. Poplawski qeyd edib ki, ümumi nisbilik nəzəriyyəsi qravitasiya dalğalarının mövcudluğunu hələ 100 ildən çox əvvəl proqnozlaşdırmışdı, lakin onlar yalnız 2015-ci ildə aşkar edildi. Buna görə də sinqulyarlıq problemi bəlkə də yalnız 22-ci əsrdə həll olunacaq və bəlkə də yalnız o zaman alimlər qara dəliklərin daxilində həqiqətdə nə baş verdiyini öyrənə biləcəklər.
    Mənbə: Space.com
    Paylaş