main-post-cover

    Qualcomm-un kompüterlər üçün olacaq yeni prosessorunun bəzi texniki özəllikləri məlum olub

    Elm & Texnologiya
    29.12.2022
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Qualcomm şirkəti kompüterlər üçün nəzərdə tutulmuş yeni ARM prosessor üzərində çalışır və o, Apple şirkətinin M seriyasına daxil olan prosessorları ilə rəqabət aparmalıdır. İndi isə internetdə Qualcomm-un Hamoa kod adına sahib bu prosessorunun bəzi texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb. İnsayderlərin verdikləri məlumatlara əsasən Qualcomm şirkəti SC8380X SC8380XP kodlarına sahib iki prosessor modelini artıq test edir.
        Kodlara əsasən belə qənaətə gəlmək olar ki, test edilən yeni prosessorlar böyük ehtimal ilə Snapdragon 8cx Gen 3 prosessoru əsasında hazırlanırlar. Qeyd etmək lazımdır ki, Snapdragon 8cx Gen 3 prosessoru vaxtı ikən SC8280 model nömrəsini əldə etmişdi. Məlumatda qeyd edilib ki, keçmiş Apple əməkdaşları tərəfindən Qualcomm üçün hazırlanan yeni prosessor 12 nüvədən ibarət olacaq. Onlardan 8-i yüksək performans nüvəsi, 4-ü isə enerji effektivliyi nüvəsi olacaq. Bundan əlavə olaraq prosessor LPDDR5X standartlı RAM yaddaşlarını, UFS 4.0 standartlı daxili yaddaş həcmlərini və Snapdragon X65 5G modemini dəstəkləyəcək.
        Qualcomm-un kompüterlər üçün nəzərdə tutulmuş yeni prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlandığı üçün çox güman ki, istehsal prosesində də sözügedən texnoloji prosesdən istifadə ediləcək. Snapdragon 8 Gen 2-nin təqdimatı zamanı şirkət bildirmişdi ki, kompüterlər üçün hazırlanan prosessorların əldə edəcəkləri nüvələr Oryon adlanacaqlar. Qualcomm-un kompüterlər üçün olan yeni prosessorunun nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala