Logo
    main-post-cover

    Saturnun peyki Enseladın səthaltı okeanı unikal sudan təşkil olunub

    Elm & Texnologiya
    02.07.2025
    Emil
         Alimlərin ehtimalına görə, Saturnun Enselad adlı peykinin buzla örtülü səthinin altında nəhəng maye su okeanı mövcuddur. Bu okeanda yadplanetli həyat formaları mövcud ola bilər. Alimlər bu okeanın pH səviyyəsini araşdırıblar və maraqlı nəticələr əldə ediblər. Tədqiqatçılar Enseladda yerləşən okeanın potensial pH səviyyəsini müəyyən ediblər. Araşdırma göstərir ki, bu okean əvvəl düşünüləndən daha qələvidir. Lakin nəzəri cəhətdən belə bir suda həyat mövcud ola bilər, çünki bu, bizim tanımadığımız tamamilə fərqli bir həyat forması ola bilər. pH - bir məhlulun turşuluq və ya qələviliyini göstərən göstəricidir və bu dəyər 0-dan 14-ə qədər ölçülür. pH dəyəri 7 olduqda neytral sayılır, 7-dən aşağı göstəricilər turşu, 7-dən yuxarı göstəricilər isə qələvi hesab olunur.
         Yer üzərində suyun orta pH səviyyəsi 6 ilə 8.5 arasında dəyişir, şirin suyun pH aralığı təxminən 6.5-8, yağış suyunun pH səviyyəsi təxminən 5.6, dəniz suyunun isə təxminən 8.2-dir. Alimlər Saturnun peyki Enseladı 2005-ci ildə tədqiq etmiş Cassini kosmik aparatının arxiv məlumatlarını analiz ediblər. Həmin vaxt peykin səthindəki çatlardan çıxmış geyzerlər (qaynar su fəvvarələri) aşkar edilmişdi. Bu müşahidə alimlərə Enseladın səthinin altında səthaltı okean ola biləcəyini düşünməyə əsas vermişdi. Geyzerlərin tərkibində fosfatlar, su buxarı, molekulyar hidrogen, üzvi karbohidrogenlər metan, etan, oksigen azot kimi molekullar aşkar edilib.
         Alimlər uzun müddətdir ki, bu üzvi molekulların və suyun mövcudluğuna əsaslanaraq, Enseladın okeanında canlı orqanizmlərin ola biləcəyini ehtimal edirlər. Yeni tədqiqat Enseladın okeanındakı suyun pH səviyyəsinin təxminən 10.6 olduğunu göstərib ki, bu da onun çox qələvi olduğunu sübut edir. Əvvəllər bu dəyərin 8 ilə 9 arasında olduğu düşünülürdü. Yəni, nəzəri cəhətdən bizim bildiyimiz formada həyat belə bir mühitdə mövcud ola bilər, lakin ehtimal edilir ki, Enseladda tamamilə fərqli bir həyat forması da mövcud ola bilər. Enseladın təbiətini daha yaxşı anlamaq üçün bu peykə yeni bir missiya tələb olunur, çünki Cassini aparatı Saturn sisteminə dair öz tədqiqatını 2017-ci ildə tamamlayıb. Həmin il aparat qaz nəhənginin atmosferində yanaraq məhv olmuşdu.
    Paylaş