SIPLAB süni intellektlə səssiz ünsiyyət üçün InvisiSpeech cihazı hazırladı
Elm & Texnologiya
29.11.2026
“SIPLAB” tədqiqatçıları arxa azı dişinə taxılan “InvisiSpeech” adlı cihaz hazırlayıblar. İstifadəçi sözləri səs çıxarmadan tələffüz edəndə cihaz ağızdakı hərəkətləri qeydə alır və məlumatı emal üçün başqa qurğuya göndərir. “OpenAI” şirkətinin “Whisper” modeli bu siqnallardan hansı sözlərin deyildiyini müəyyən edir. Beləcə, istifadəçi ətrafdakılara eşitdirmədən süni intellektə əmr verə bilir.
Cihaz əsasən dilin ağızda aldığı mövqeyi və zəif hava axınını izləyir. M, b, p, f və v kimi səsləri tələffüz edəndə dodaqlar da azca tərpənir. Tədqiqatçıların sözlərinə görə, dodaqları kənardan sezilməyəcək qədər az tərpətmək olur. Nümayiş videosunda isə cihazın taxıldığı tərəfdə yanağın azca qabardığı görünür.
Cihazın gövdəsi 3D printerdə bədənlə təmasa uyğun şəffaf qatrandan hazırlanıb. Gövdənin içindəki elastik elektron lövhəyə nitq siqnallarını tutan sensor, düymə formalı batareya və maqnitli şarj girişi qoşulub. İdarəetmə çipi məlumatı emal üçün az enerji sərf edən Bluetooth bağlantısı ilə göndərir.
Tədqiqatçılar “InvisiSpeech” cihazını 15 nəfərlə sınaqdan keçiriblər. İştirakçılar “Siri”nin rəsmi təlimatından götürülən 50 əmri səs çıxarmadan tələffüz ediblər. Hər əmr 2 - 7 sözdən ibarət olub. Model hər iştirakçıya ayrıca uyğunlaşdırılıb. Sakit mühitdə iştirakçı hərəkətsiz qalanda model əmrlərin 91,54 faizini düzgün tanıyıb. Ətrafda səs olanda bu göstərici 86,27 faizə, iştirakçı yeriyəndə isə 47,63 faizə düşüb.
Nümayiş videosunda iclasda olan işçi “Apple” şirkətinin son rübdə nə qədər gəlir əldə etdiyini səs çıxarmadan soruşur və cavabı ağıllı saatında görür. “InvisiSpeech” ilə ağıllı ev cihazlarına da səssiz əmr vermək olar. Belə texnologiya danışmaqda çətinlik çəkən insanların ünsiyyətinə də kömək edə bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...