Logo
    main-post-cover

    SpaceX Starship V3-ün ilk sınaq uçuşunu martın ortalarına planlaşdırır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, SpaceX təkmilləşdirilmiş Starship raketinin ilk sınaq uçuşunu mart ayının ortalarında keçirməyi planlaşdırır. Bu barədə Elon Musk X sosial şəbəkəsində paylaşım edib.
    SpaceX Pushes Starship V3 Test Article to Failure
        Bu, Starship V3 adlanan raketin üçüncü və ən güclü versiyasıdır. Yeni versiya əvvəlkilərlə müqayisədə daha böyükdür və daha yüksək daşıma qabiliyyətinə malikdir. Ən vacib yeniliklərdən biri isə ondan ibarətdir ki, SpaceX məhz bu versiya ilə yeni nəsil Starlink peyklərini orbitə çıxarmağı planlaşdırır. Bu peyklər daha sürətli internet təmin edəcək, lakin ölçü və çəki baxımından əvvəlkilərdən daha böyükdür. Starship V3 eyni zamanda Yer orbitində digər Starship raketləri ilə birləşmə (docking) imkanına sahib olacaq. Bu texnologiya SpaceX-in Ay və Mars missiyaları üçün kritik əhəmiyyət daşıyır. Şirkət bu addımı atarkən IPO-ya (birjada ilkin səhm təklifi) hazırlaşır və eyni zamanda ABŞ administrasiyasının Ay missiyaları ilə bağlı təzyiqi altındadır. Hazırda NASA-nın insanları yenidən Ay səthinə qaytarmaq planlarında Starship əsas rol oynayır.
        Əslində SpaceX 2025-ci ilin sonlarında Starship V3-ü uçuşa hazır vəziyyətə gətirməyi planlaşdırırdı. Lakin 2025-ci ilin noyabrında raketin gücləndirici mərhələsi yerüstü sınaq zamanı partlayıb. Şirkət hadisənin qaz təzyiqi testləri zamanı baş verdiyini bildirsə də, texniki detallar hələ açıqlanmayıb. İkinci nəsil Starship V2 qarışıq nəticələrlə yadda qalıb. Bir tərəfdən orbitə uğurla çıxış, sınaq peyklərinin buraxılması və gücləndiricilərin start meydançasında tutulması kimi uğurlar əldə edilib. Digər tərəfdən isə bir neçə partlayış və texniki nasazlıq qeydə alınıb. Bunların bir qismi SpaceX-in riskli, lakin sürətli inkişaf strategiyası ilə bağlıdır.
    Paylaş