
Statistik baxımdan biz artıq yadplanetliləri aşkar etməli idik
Elm & Texnologiya
13.05.2025
Emil
Texnoloji cəhətdən inkişaf etmiş bir sivilizasiya nəzəri olaraq cəmi bir neçə milyon il ərzində bütün Süd Yolunu kolonizasiya edə bilərdi - bu, kosmik zaman ölçüsündə qısa bir müddətdir. Buna baxmayaraq, milyardlarla ulduz və potensial yaşayış üçün uyğun planetlərə, həmçinin qalaktikamızın nəhəng yaşına rəğmən, bu günə qədər heç kim bizimlə əlaqəyə keçməyib. Bəlkə də SETI kimi yadplanetli həyat siqnallarını axtaran proqramlar vaxtın və resursların boşa sərfidir? Yeni məqalənin müəllifi bu suala birbaşa cavab vermir, lakin yadplanetlilərlə əlaqə ehtimalını qiymətləndirmək üçün statistik metod təklif edir.

Fizik Enrico Fermi-nin 20-ci əsrin ortalarında irəli sürmüş olduğu bu paradoks “böyük sükut paradoksu” olaraq da tanınır. O, yadplanetli həyatla bağlı anlayışımızda mövcud olan ziddiyyətlərə işarə edir. Böyük partlayışdan bəri kifayət qədər zaman keçsə də, yaşayış üçün uyğun zonalarda ekzoplanetlərin kəşf olunmasına baxmayaraq, yadplanetli sivilizasiyaların mövcudluğuna dair heç bir sübut tapılmayıb. Fermi paradoksuna cavab axtararkən nəzərə alınmalı amillərdən biri də potensial sivilizasiyaların sayıdır. Bu göstərici Dreyk tənliyi vasitəsilə müəyyən olunur - bu, Süd Yolu qalaktikasında əlaqə yaratmağa hazır olan aktiv yadplanetli sivilizasiyaların sayını hesablayan riyazi formuldur. Dreyk tənliyində bir neçə amil nəzərə alınır:
- Ulduzların yaranma sürəti,
- Planetləri olan ulduzların faiz göstəricisi,
- Hər bir ulduz üçün yaşama əlverişli planetlərin sayı,
- Həyatın yarandığı planetlərin faiz göstəricisi,
- Ağıllı həyatın inkişaf etdiyi planetlərin faiz göstəricisi,
- Aşkarlana bilən rabitə texnologiyaları hazırlayan sivilizasiyaların sayı,
- Bu cür sivilizasiyaların orta ömür müddəti.
Enrico Fermi:

Qısacası, Dreyk tənliyi sivilizasiyaların çox sayda olmalı olduğunu irəli sürür, lakin indiyədək onların izlərini axtaran proqramlar heç bir siqnal aşkarlaya bilməyiblər. Bu isə SETI kimi proqramların elmi məqsədyönlülüyü barədə suallar doğurur. Nyu-York Universitetindən Matthew Civiletti-nin müəllifi olduğu məqalə bu suala birbaşa cavab vermir. Bunun əvəzinə, müəyyən sayda yayım edən sivilizasiya mövcud olduğu halda, indiyədək siqnal aşkarlanması ehtimalını qiymətləndirməyə imkan verən bir metod təklif edir. Əgər bu ehtimal aşağıdırsa, izlərin olmaması təəccüblü olmamalıdır. Əgər ehtimal yüksəkdirsə, o zaman bu “sükut” nəyəsə işarə edə bilər.
Dreyk tənliyinin müəllifi Frank Drake:

Civiletti Fermi paradoksunu araşdırmaq və yadplanetli həyatın axtarışında SETI proqramlarının real dəyərini qiymətləndirmək üçün bir model təklif edir. Bu modelə əsasən, yadplanetli sivilizasiyalardan heç bir elektromaqnit siqnalının aşkar olunmaması mövcud sivilizasiyaların sayına müəyyən məhdudiyyətlər qoya bilər. Müəyyən ssenarilərdə model göstərir ki, əgər Dreyk tənliyinə əsasən sivilizasiyaların sayı təxminən 1-dirsə, onda ən azı bir siqnalın aşkar olunması ehtimalı 99% təşkil etməlidir. Halbuki, hazırda nəticə sıfırdır - hələ heç bir siqnal aşkar edilməyib. Buna baxmayaraq, unutmamaq lazımdır ki, hətta SETI proqramının müsbət nəticə verməməsi belə Fermi paradoksunun həllinə töhfə verir. Bu, sivilizasiyaların sayı və ömür müddətinə dair müəyyən kombinasiyaları istisna etməyə imkan yaradır.
Mənbə: Universe Today
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
