Logo
    main-post-cover

    Şüur probleminə yeni baxış: O yalnız insanlara xas olmaya bilər

         Şüur intellekt adətən yalnız insana məxsus bir xüsusiyyət kimi qəbul edilir və düşüncə, yaddaş və dil ilə əlaqələndirilir. “Həyat mərkəzçiliyi” (biocentrism) adlanan yeni konsepsiya isə iddia edir ki, idrak qabiliyyəti bütün canlı sistemlərə xasdır və bu qabiliyyət onların ətraf mühitlə qarşılıqlı əlaqələri nəticəsində, yaşamaq məqsədilə ortaya çıxır. Hətta beyni olmayan orqanizmlər - məsələn, bakteriyalar və selik göbələkləri - belə qərarlar qəbul edə bilirlər. İntellekt anlayışının bu şəkildə yenidən nəzərdən keçirilməsi elm, süni intellekt və tibb sahələri üçün yeni üfüqlər açır. Ənənəvi olaraq intellekt və idrak insan təcrübəsi prizmasından dəyərləndirilib: qavrama, yaddaş, düşünmə, dil və öyrənmə qabiliyyəti kimi xüsusiyyətlər əsas götürülüb. Məhz bu “insan mərkəzli” yanaşma psixologiya, fəlsəfə və idrak elmlərinin təməlini təşkil edib.
         Yeni yanaşma - “həyat mərkəzçiliyi” isə bu ənənəyə meydan oxuyur və intellekti bakteriyalardan meşələrə qədər bütün canlı sistemlərin xüsusiyyəti kimi təqdim edir. Bu konsepsiya Çalmers Texnologiya Universitetindən Gordan Dodig-Crnkovic tərəfindən məqaləsində təsvir olunub. Həyat mərkəzli yanaşmaya görə idrak, canlı orqanizmin özünü qorumaq məqsədilə ətraf mühitlə qarşılıqlı əlaqə prosesi kimi müəyyən edilir. Bu proses bədənlə bağlı mövcudluq aspektləri ilə sıx əlaqəlidir və yalnız beyində baş verən abstrakt düşüncələrlə məhdudlaşmır. Beləliklə, düşünmə bütün orqanizmə yayılır və dünyanın fiziki qavranılmasını da əhatə edir. Bu ideyaya əsasən, idrak qabiliyyəti mürəkkəb beyin quruluşuna malik orqanizmlərin imtiyazı deyil.
         Aparılmış təcrübələr göstərir ki, sinir sistemi olmayan canlılarda da intellekt mümkündür. Məsələn, selik göbələkləri mürəkkəb labirintlərdən çıxış yolunu tapa bilir, bakteriya koloniyaları isə “kvorum hissi” adlanan mexanizm vasitəsilə kollektiv qərarvermə qabiliyyəti nümayiş etdirirlər. Bu proseslər tədqiqatçılar tərəfindən idraki fəaliyyətin bir forması kimi qəbul olunan adaptiv və məqsədyönlü davranışı göstərir. Alimlər həmçinin təbiətdəki hesablama proseslərini idrakın əsas təməli kimi nəzərdən keçirirlər. Rəqəmsal kompüterlərdən fərqli olaraq, canlı sistemlər məlumatı fiziki və morfoloji proseslər vasitəsilə emal edirlər.
         Məsələn, günəş işığına yönəlməyə çalışan bir bitki, əslində, öz böyüməsinin optimal yolunu “hesablayır”. İdrakı təbii hesablama prosesi kimi anlamaq elm və texnologiya üçün yeni imkanlar açır. Süni intellekt sahəsində bu cür ideyalar, bioloji özünüqoruma və adaptasiya prinsiplərindən ilhamlanan, daha dayanıqlı və effektiv sistemlərin yaradılmasına gətirib çıxara bilər. Yeni yanaşma həmçinin hüceyrə və toxumaları öyrənmə və bərpa qabiliyyətinə malik idraki agentlər kimi nəzərdən keçirməyə imkan verir ki, bu da regenerativ tibb və xəstəliklərin müalicəsi üçün yeni imkanlar yaradır. İdrak anlayışının genişləndirilməsi həyat və şüur haqqında təsəvvürlərimizi dəyişir. Bu yanaşma insanla digər canlılar arasındakı sərhədi aradan qaldırır və intellekti yalnız insana məxsus xüsusiyyət deyil, bütün həyat formalarının fundamental xüsusiyyəti kimi təqdim edir.
    Paylaş