Logo
    main-post-cover

    Tarixdə ilk dəfə tək şəkildə hərəkət edən Günəş kütləli qara dəlik kəşf edilib

    Elm & Texnologiya
    28.04.2025
    Emil
         Astrofiziklərin hesablamalarına görə, bizim qalaktikamızda 1 milyarda qədər qara dəlik mövcud ola bilər və onların əksəriyyəti digər bir ulduzla və ya başqa bir qara dəliklə ikili sistemlər əmələ gətirir. Belə cütlüklər adətən görünən qonşusunun davranışı və ya cazibə dalğaları vasitəsilə aşkarlanır. Lakin peyki olmayan tək qara dəlikləri müəyyən etmək son dərəcə çətindir. Və nəhayət, alimlər bunu ilk dəfə bacarıblar. 2011-ci ildə obyektin ilk müşahidəsindən The Astrophysical Journal jurnalında nəticələrin dərc olunmasına qədər 14 il keçib. Kəşfi təsdiqləmək üçün tədqiqatçılar 16 teleskopun arxiv məlumatlarını araşdırıblar və 6 il ərzində Hubble kosmik teleskopu vasitəsilə obyektin müşahidəsini aparıblar.
         İlkin mərhələlərdə obyektin neytron ulduzu olması ehtimalı da var idi - optik diapazonda qara dəlik qədər görünməz olur. Lakin uzunmüddətli tədqiqatlardan sonra müəyyən edilib ki, bu obyekt doğrudan da tarixdə qeydə alınmış ilk ulduz kütləli tək qara dəlikdir. Yekun məlumatlara görə, qara dəlik Süd Yolu qalaktikası boyunca təxminən 51 km/s sürətlə hərəkət edir, onun kütləsi təxminən 7.15 Günəş kütləsinə bərabərdir və bizdən olan məsafəsi təxminən 4958 işıq ili təşkil edir. Ən vacib məqam isə odur ki, o, tamamilə təkdir və alimlərin fikrincə, bu olduqca nadir bir hadisədir. Bu kəşf mikrolinzə effektinin köməyi ilə mümkün olub.
         Qara dəliyin güclü cazibə qüvvəsi uzaqdakı fon ulduzunun işığını əyərək əvvəlcə onun parlaqlığının tədricən artmasına, sonra isə zəifləməsinə səbəb olub. Bundan əlavə, cazibə sahəsi ulduzun göydəki görünən mövqeyini dəyişib. Lakin müşahidələr çətinliklərlə üzləşib - yaxınlıqda yerləşən parlaq bir işıq mənbəyi məlumatlarda ciddi küy yaratmışdı. Spektroqramların yoxlanılması və təhlili uzun illər çəkib və bu prosesdə 16 yerüstü teleskopun arxiv müşahidələrindən istifadə olunub. Həlledici rol kosmik teleskoplar olan Hubble və Gaia-dan əldə edilmiş məlumatlar oynayıb.
         Mikrolinzə obyekti OGLE-2011-BLG-0462 təxminən 5153 işıq ili uzaqlıqda yerləşirdi və onun işığını 270 gün ərzində gücləndirən görünməz obyekt nəhayət ulduz kütləli qara dəlik kimi təsnif edilib (təqdim olunan təsvirlərdə, əlbəttə ki, qara dəliyin özü görünmür). "Təkmilləşdirilmiş Hubble müşahidələri və yenilənmiş fotometriyanı nəzərə alaraq apardığımız yenidən analiz nəticəsində obyektin təbiəti barədə əvvəlki nəticələrimizlə tam uyğunlaşan daha dəqiq nəticələr əldə etdik" - deyə tədqiqat müəllifləri qeyd ediblər. Obyektin ətrafında, 2000 astronomik vahidə qədər olan məsafədə aparılan əlavə axtarışlar 0.2 Günəş kütləsindən böyük kütləyə malik heç bir peykin mövcud olmadığını göstərib. Bu da qara dəliyin tək xarakterini tam şəkildə təsdiqləyib. O, qalaktika boyunca təkbaşına hərəkət edir və nəzəri olaraq gələcəkdə yoluna çıxacaq obyektlər üçün gözlənilməz bir təhlükə yarada bilər.
    Mənbə: Science Alert
    Paylaş