Logo
    main-post-cover

    Təcrid planet saniyədə 6 milyard ton maddə udmağa başlayıb

         Alimlər kəşf ediblər ki, ulduzlararası fəzada dolaşan təcrid planet birdən-birə qeyri-adi dərəcədə böyük miqdarda maddə udmağa başlayıb - bu kəşf ulduzlar və planetlərin əvvəllər düşünüləndən daha çox oxşar ola biləcəyini göstərir. Astronomlar saniyədə 6 milyard ton qaz və toz udan qeyri-adi “acgöz” planetə diqqət yetiriblər. Bu, planetlərlə ulduzlar arasındakı sərhədi bulanıqlaşdırır və onların oxşar şəkildə formalaşa biləcəyi ehtimalını ortaya qoyur. Ulduz sistemlərindən kənarda sərbəst uçan qaz nəhəngləri yəqin ki, olduqca geniş yayılıb - onların sayı qalaktikada gördüyümüz ulduzlardan da çox ola bilər.
         Amma astronomlar hələ də onların necə formalaşdığını dəqiq deyə bilmirlər: sonradan atıldıqları ulduz sistemlərindəmi yaranırlar, yoxsa ulduzlar kimi müstəqil şəkildəmi. Cha 1107-7626 adlı təcrid planetinin fenomenal sürətlə böyüməsini Palermo Astronomik Rəsədxanasının alimləri aşkar ediblər. O, ilk dəfə 2008-ci ildə astronomların diqqətini çəkmişdi, çünki onun ətrafında ibtidai planet diskinə bənzər bir quruluş formalaşmışdı. Bu ilin aprel ayında italyan tədqiqatçılar Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopu (VLT) vasitəsilə bu planeti müşahidə etməyə başladılar.
         İyunda isə o, birdən-birə əvvəlkindən 10 dəfə sürətlə maddə udmağa başladı və bu hal növbəti 2 ay davam etdi. Planetin böyümə sürəti əvvəllər yalnız Günəş kimi ulduzlarda müşahidə olunmuşdu, halbuki onların kütləsi bu planetdən 100 dəfə böyükdür. Belə sürətli böyüməni yalnız ulduzlarda müşahidə edilənə bənzər mexanizmlə izah etmək olar: qaz və toz yığınının maddəsi güclü maqnit sahələrinin yaratdıqları dar kanaldan keçərək planetə yönəlir. Lakin bu mexanizm udulan maddənin kəskin artımını izah etmir. Bu isə o deməkdir ki, ulduzlar və planetlər əvvəl düşünüləndən daha çox bir-birinə bənzəyir və onların arasındakı fərqi müəyyənləşdirmək artıq o qədər də asan deyil.
    Paylaş