
Təcrid planetlər öz planet sistemlərini formalaşdıra bilərlər
Elm & Texnologiya
07.08.2025
Emil
Astronomlar 6 təcrid planetin ətrafında toz diskəri aşkar ediblər. Bu, həmin planetlərin ətrafında peyklərin və ya hətta öz planet sistemlərinin formalaşa biləcəyinə işarə ola bilər. Alimlər müşahidə ediblər ki, ulduz ətrafında fırlanmayan ayrı-ayrı planetlər belə, yeni cisimlərin yaranma mərkəzinə çevrilə bilirlər. Bu isə indiyədək qəbul olunmuş - yəni planet sistemlərinin yalnız ulduzların yaxınlığında yarandığına dair təsəvvürü şübhə altına atır. Şotlandiyanın Sent-Endryus Universitetində aparılmış araşdırmada kütləsi Yupiterin kütləsindən 5-dən 10-a qədər çox olan 8 sərbəst hərəkət edən planet öyrənilib. Bu obyektlər heç bir ulduzun ətrafında fırlanmır və təcrid planet adlandırılır. 6 halda astronomlar James Webb teleskopu vasitəsilə aparılmış müşahidələr zamanı bu planetlərin ətrafında toz diskələrinin izlərini aşkar ediblər - bu isə gözlənilməz nəticə olub.

Təhlil nəticəsində tozun tərkibində silisium dənəcikləri və kristallaşma əlamətləri aşkarlanıb. Bu, həmin disklərdə adi protoplanet disklərindəki kimi planet yaranması proseslərinə bənzər proseslərin baş verə biləcəyini göstərir. Dənəciklərin strukturunun formalaşması və onların böyüməsi - peyk və ya cırtdan planet kimi böyük cisimlərin yaranmasına aparan vacib mərhələlərdir. Alimlərin sözlərinə görə, bu cür disklər milyonlarla il mövcud qala bilər və bu müddət yeni dünyaların yaranması üçün yetərlidir. Qəhvəyi cırtdan ulduzlardan fərqli olaraq, tozun böyümə prosesi onların ətrafında daha yavaş gedir. Lakin təcrid planetlər daha az kütləyə malik olduqları üçün bu prosesi sürətləndirə bilirlər. Bu isə onları, miqyas baxımından kiçik olsa da, öz planet sistemlərini formalaşdırmaq üçün potensial olaraq effektiv “fabriklərə” çevirir. Bundan əlavə, James Webb teleskopu müşahidə olunan obyektlərin atmosferlərində su buxarı və karbon qazı aşkar edib.

Bu kimyəvi izlər, eləcə də obyektlər arasında silikat strukturlarındakı fərqlər, disklərin daxilindəki şəraitin müxtəlifliyinə işarə edə bilər. Belə fərqli şəraitlər, həmin disklərdə formalaşan cisimlərin növlərinə təsir göstərə bilər. Təcrid planetlərin 2 yolla yarana biləcəkləri ehtimal olunur: ya doğma sistemlərindən çıxarılırlar, ya da birbaşa ulduzlararası qaz buludlarının sıxılması nəticəsində formalaşırlar. Hər iki halda, əgər bu planetlər toz diskləri ilə əhatə olunublarsa, onların öz - hər nə qədər kiçik olsa da - sistemlərinin mərkəzinə çevrilmələrinə heç nə mane olmur. Astronomlar bu cür müşahidələr üçün James Webb teleskopunun imkanlarından istifadə etməyə davam etməyi planlaşdırırlar. Gələcəkdə isə, yüzlərlə bu cür obyektin müəyyən edilməsinə kömək edəcək Nancy Grace Roman teleskopunun istifadəyə verilməsi gözlənilir. Məhz bu teleskopun, hesablamalara görə, təcrid planetlərin həqiqətən öz peyklərini formalaşdırıb-formalaşdırmadıqlarına qəti cavab verəcəyi ehtimal olunur.
Paylaş