
Uranın peyki Arielin səthaltı okeana sahib olduğu ehtimal olunur
Elm & Texnologiya
01.10.2025
Emil
Yeni tədqiqat göstərir ki, Uranın ən böyük peyklərindən birinin səthinin altında maye sudan ibarət yeraltı okean gizlənir. Uran Günəşdən məsafəsinə görə 7-ci planetdir və onun ətrafında 29 peyk fırlanır. Lakin ehtimal olunur ki, onların sayı daha çoxdur, sadəcə hamısı hələ kəşf edilməyib. Uranın dördüncü ən böyük peyki Ariel adlanır. Bu, Yer kürəsindən təxminən 12 dəfə kiçik olan kürə formasında buzlu bir cisimdir. Yeni araşdırmaya görə, bu peykin buzla örtülü səthinin altında maye sudan ibarət yeraltı okean mövcuddur. Alimlərin fikrincə, onun dərinliyi keçmişdə 160 kilometrdən çox ola bilərdi. Müqayisə üçün qeyd edək ki, Sakit okeanın orta dərinliyi 4 kilometrdir. Ariel həm Uranın ölçüsünə görə dördüncü peykidir, həm də bu planetin ən parlaq peyki hesab olunur. Bu isə onun günəş işığını ən çox əks etdirmə qabiliyyətinə malik olduğunu göstərir.

Peyk haqqında olan şəkillərin əksəriyyətini isə 1986-cı ildə Voyager-2 kosmik aparatı çəkib. Ariel peykinin diametri 1159 kilometrdir, yəni təxminən Yer kürəsindən 12 dəfə kiçikdir. Onun səthində həm çox qədim geoloji quruluşlar - məsələn, kraterlər, həm də daha gənc, hamar düzənliklərə bənzər sahələr mövcuddur. Bu düzənliklərin kriovulkanizm - yəni buzlu maqmanın püskürməsi nəticəsində yaranmış olduğu güman edilir. Ariel peykinin əsas xüsusiyyətlərindən biri isə çatlar və silsilələr. Bu geoloji formalar qabığın dartılması və qırılmaları nəticəsində əmələ gəlib. Alimlər Ariel peykinin daxili quruluşunu və onun orbitinin eksantrikliyini (orbital trayektoriyanın dairəvi yoldan nə dərəcədə fərqləndiyini göstərən parametr) öyrənmək istəyirdilər. Bu göstəricilər peykin səthində strukturların formalaşması üçün vacibdir. Hər iki amil Ariel Uran ətrafında fırlanarkən cazibə qüvvəsinin təsiri altında səthin necə dəyişə biləcəyinə təsir göstərə bilər.

Astronomlar aşkar ediblər ki, keçmişdə Arielin orbitinin eksantrikliyi təxminən 0.04 olub. Bu isə onun indiki göstəricisindən təxminən 40 dəfə böyükdür. Belə eksantriklik Uranın qabarma və çəkilmə qüvvələrinin təsirini gücləndirə, peyki sıxıb dartaraq səthində qırılmaların, çatların və silsilələrin yaranmasına səbəb ola bilər. Model nəticələri göstərib ki, Ariel peykinin səthinin hazırda gördüyümüz kimi görünməsi üçün ya çox nazik buz təbəqəsi altında gizlənən çox dərin okean olmalıdır, ya da orbitin daha yüksək eksantrikliyi və nisbətən dayaz okean mövcud olmalıdır. Alimlərin sözlərinə görə, hər iki halda Ariel peykinin səthinin altında maye sudan ibarət okean olmalıdır. Bu okeanın dərinliyi keçmişdə 160 kilometrdən çox ola bilərdi və mümkündür ki, indi də mövcuddur, sadəcə daha dayaz formada. Uranın qabarma və çəkilmə qüvvələri peykin buzlu daxili qatlarını əridə və bunun nəticəsində okean formalaşa bilərdi. Alimlərin nəticələrini təsdiqləmək üçün peyki yaxın məsafədən araşdırmaq lazımdır. Bunun üçün isə yeni bir Uran missiyasına ehtiyac var.

Paylaş