Virgin Galactic kosmik uçuşlarını 2027-ci ilə təxirə saldı
Elm & Texnologiya
13.08.2026
Sevinj
Virgin Galactic yeni nəsil “Delta Class” kosmik gəmisinin ilk kommersiya uçuşunu 2027-ci ilə təxirə salıb. Şirkət əvvəlcə yeni gəmi ilə kommersiya uçuşlarına 2026-cı ilin dördüncü rübündə başlamağı planlaşdırırdı. Yeni plana əsasən isə ilk kommersiya uçuşu ən tez 2027-ci ilin fevralında baş tutacaq. Virgin Galactic 2024-cü ildə yeddi uğurlu kommersiya uçuşundan sonra suborbital kosmik turizm səfərlərini dayandırmış və bütün diqqətini yeni “Delta Class” gəmilərinin hazırlanmasına yönəltmişdi.
Şirkətin baş direktoru Michael Colglazier bildirib ki, gecikməyə konkret bir böyük problem deyil, gəminin yığılması zamanı ortaya çıxan yüzlərlə kiçik, lakin vacib texniki məsələ səbəb olub. Bəzi komponentlərin ölçülərində çox cüzi uyğunsuzluqların aşkarlanması onların düzgün quraşdırılması üçün əlavə vaxt tələb edir. Virgin Galactic yaxın zamanda yeni gəminin yerüstü sınaqlarına başlamağı planlaşdırır.
Maraqlıdır ki, gecikməyə baxmayaraq, şirkətin kosmik turizm uçuşlarına maraq yüksək olaraq qalır. Virgin Galactic gələcək uçuşlar üçün qiyməti 750 min dollar olan 50-dən çox bilet satdığını açıqlayıb. Şirkət mart ayında başladığı bu satış mərhələsində 50 milyon dollardan çox sifariş əldə edib. Virgin Galactic eyni zamanda ikinci “Delta Class” gəmisinin istehsalını davam etdirir. Onun 2027-ci ilin ikinci rübündə kommersiya uçuşlarına qoşulması nəzərdə tutulur. Şirkətin hədəfi həmin rübün sonuna qədər ayda 10 uçuş həyata keçirə biləcək səviyyəyə çatmaqdır.
Paylaş
