Logo
    main-post-cover

    Voyager-1 aparatı 300 ildən sonra fərziyyəvi kosmik bölgəyə çatacaq

         Kosmik aparat Voyager-1 300 ildən sonra hələ sübut olunmamış, lakin alimlərin mövcud olduğuna əmin olduqları fərziyyəvi bir kosmik bölgəyə çatacaq. Voyager-1 1977-ci ildə buraxılıb və hal-hazırda Yerdən təxminən 167 astronomik vahid (a.v.) məsafədə yerləşir. Bu aparat Günəş sistemindən çıxaraq heliosferanı tərk edən, heliopauzanı keçən və ulduzlararası məkana daxil olan ilk insan tərəfindən hazırlanmış obyekt olub. Hazırda Yerdən göndərilən siqnalın aparata çatması üçün 23 saat 12 dəqiqə 18 saniyə vaxt tələb olunur. 1 ildən bir qədər sonra bu vaxt tam olaraq 24 saat olacaq. Məhz o anda Voyager-1 Yer kürəsindən tam 1 işıq sutkası məsafəsinə çatmış ilk süni aparat olacaq. Əslində, Voyager-1 missiyası artıq uzun müddətdir ki, başa çatmış hesab olunur və onun yanacaq ehtiyatları 2030-cu illərdə tam tükənəcək. Lakin onun səyahəti hələ yeni başlayır.
         40 000 ildən sonra bu aparat AC +79 3888 ulduzuna bizim Günəşimizdən daha yaxın olacaq. Lakin bu maraqlı qarşılaşmadan əvvəl o, Oort buludunu keçməlidir. Bu, əsasən asteroidlərdən kometalardən ibarət olan, Günəş sistemimizi əhatə edən fərziyyəvi sferik bir sahədir. O, Günəşin təsir dairəsinin ən uc hissəsində yerləşir. NASA alimləri bildirirlər: “Oort buludu Günəş sisteminin cazibə sərhədini müəyyən edən bir hüduddur. Bu, hələ kəşf olunmamış obyektlərlə dolu geniş bir sahədir. Qısa dövrlü kometalar Oort buludunun daxili hissəsi olan səpələnmiş diskdən qaynaqlana bilər, uzun dövrlü kometalar isə çox güman ki, buludun sferik xarici hissəsindən gəlir. Bu kometalar yalnız nadir hallarda Günəşin yanından keçirlər”.
         Astronomlar hesab edirlər ki, Oort buludunun daxili sərhədi Günəşdən təxminən 2000-5000 astronomik vahid uzaqlıqdan başlayır. Qeyd olunur ki, 1 astronomik vahid Yer ilə Günəş arasındakı məsafəyə bərabərdir. Oort buludunun başlanğıcı təxminən 1000 a.v. uzaqlıqda yerləşə bilər, bu səbəbdən də Voyager-1 bu bölgəyə cəmi bir neçə əsr ərzində çata bilər. Əgər Oort buludunun ölçüsünü nəzərə alsaq, aparat bu sahədə 10 minlərlə il ərzində qala bilər. NASA bildirir: “Ulduzlararası məkanın böyük bir hissəsi əslində bizim Günəş sistemimizin daxilində yerləşir. Voyager-1-in Oort buludunun daxili sərhədinə çatması təxminən 300 il çəkəcək və onun bu sərhədləri aşması isə bəlkə də 30 000 il vaxt aparacaq”.
         Əgər Voyager-1 Oort buludunu keçə bilsə və heç bir asteroid və ya kometa ilə toqquşmasa, o, kosmosda hələ uzun illər uça bilər. Buna görə alimlər maraqlanıblar ki, aparatın üzərində yadplanetli həyat üçün göndərilən “Qızıl lövhələr” nə qədər müddət qoruna bilər. “Lövhələrdəki yazıların keyfiyyəti ulduzlararası maddənin təsiri altında pisləşə bilər. 5 milyard illik səyahətdən sonra Voyager-1-in bu lövhələrinin xarici səthinin oxunmaz hala gəlmə ehtimalı 99%-dir. Bu müddət ərzində Voyager-2-nin eyni cür zədələnmə ehtimalı isə cəmi 20%-dir” - deyə mütəxəssislər bildiriblər. Lövhələrin aparata tərəf yönəlmiş daxili səthi isə Süd Yolu qalaktikasının Andromeda qalaktikası ilə birləşəcəyi vaxta qədər qorunub qalacaq. Bu hadisə təxminən 5 milyard il sonra baş verəcək. Bundan sonra hər iki kosmik aparat ulduzlararası məkandan çıxaraq qalaktikalararası mühitə atıla bilər ki, burada onların dağılma sürəti daha da azalacaq.
    Paylaş