Logo
    main-post-cover

    Voyager-1 zondu gələn il Yerdən 1 işıq günü uzaqlığında olacaq

    Elm & Texnologiya
    21.06.2025
    Emil
         2026-cı ilin noyabr ayında NASA-nın 1977-ci ildə kosmosa buraxdığı Voyager-1 zondu Yer kürəsindən 1 işıq günü uzaqlığa çatacaq. Bu, işıq sürəti ilə - yəni saniyədə 300 000 kilometr - hərəkət edən, kütləsi olmayan fotonlardan ibarət olan işığın bir yer sutkası ərzində qət etdiyi məsafədir. Tarixdə ilk dəfə olaraq insan tərəfindən yaradılmış bir obyekt Yer planetindən bu qədər uzaqda olacaq. Əgər Albert Eynşteynin xüsusi nisbilik nəzəriyyəsini əsas götürsək, kütləsi olan heç bir obyekt - istər təbii mənşəli, istərsə də insan tərəfindən yaradılmış - işıq sürəti ilə hərəkət edə bilməz. Bu sürətlə yalnız kütləsiz hissəciklər - fotonlar - hərəkət edə bilərlər. İndiyədək insanın hərəkət etdiyi ən yüksək sürət saatda 39 937.7 kilometr olub. Bu rekord 1969-cu ildə “Apollo-10” missiyasının astronavtları Ay ətrafında dövrə vurub Yerə qayıdarkən əldə olunub. Bu sürət rekordu hələ də yenilənməyib.
         Əgər bir kosmik gəmi bu sürətlə - yəni “Apollo-10” astronavtlarının rekord sürəti ilə - kosmosda hərəkət etsəydi və bu Yer atmosferinə daxil olarkən deyil, məhz boşluqda baş versəydi, o zaman bir astronomik vahid məsafəni qət etmək üçün 155 günə ehtiyac olardı. Bir astronomik vahid Yerdən Günəşə olan təqribən 150 milyon kilometr məsafədir. Yuxarıda da qeyd edildiyi kimi, işıq bundan qat-qat sürətlidir və fotonlar bu məsafəni cəmi 8 dəqiqə 20 saniyəyə qət edirlər. Eyni zamanda, Yer üzündən göndərilən siqnallar da bu məsafədə yerləşən kosmik gəmiyə məhz bu qədər vaxtda çatardı - əgər o bizdən 150 milyon kilometr uzaqda olsaydı. 2026-cı ilin noyabr ayında isə insan tərəfindən yaradılmış ən uzaq kosmik aparat Voyager-1 zondu Yerdən bir işıq günü məsafəyə çatacaq.
         Hazırda Voyager-1 təxminən 166 astronomik vahid uzaqlıqda yerləşir. O hələ 2012-ci ildə Günəş sistemini tərk etmiş və bunu bacaran ilk aparat olmuşdu. Hazırda Yerdən göndərilən siqnallar NASA-nın bu zonduna 23 saat 5 dəqiqə və 36 saniyəyə çatır. Voyager-1 61 195 km/saat sürətlə hərəkət edir və bu da o deməkdir ki, gələn ilin noyabr ayında o, işıq və Yerdən göndərilən siqnalların 24 yer sutkasına qət etdiyi məsafəyə çatacaq. Bir işıq günü təxminən 25.9 milyard kilometrə bərabərdir - bu isə Neptunun Yerə olan orta məsafəsindən (təxminən 4.5 milyard km) demək olar ki, 5 dəfə uzaqdır.
         NASA alimləri hesab edirlər ki, bu rekord məsafəyə çatdıqdan sonra Voyager-1 ulduzlararası mühitdə öz səfərini davam etdirəcək, ta ki təqribən gələcək onilliyin əvvəlində enerjisi tamamilə tükənənədək. Bu illər ərzində Voyager-1 bizə ən yaxın ulduz olan Proksima Sentavra çata bilməyəcək. Proksima Sentavr Yerdən bir qədər artıq 4 işıq ili məsafədə yerləşir. Bir işıq ili - bu, işığın bir yer ilində qət etdiyi məsafədir və təxminən 9.6 milyard kilometrə bərabərdir. Voyager-1 zondu Proksiima Sentavra çatmaq üçün 40 000 ildən çox vaxta ehtiyac duyacaq. Lakin bu, baş versə belə, həmin vaxtda o, artıq işləməyən, sadəcə kosmosda sərbəst şəkildə üzən bir aparat olacaq.
    Mənbə: Iflscience
    Paylaş